Seçkilərdən əvvəl FİFA prezidentliyinə namizədliyini irəli sürən və daha sonra geri çəkilən Luiş Fiqu qalmaqalla gündəmə gəlib.
SportArena.az xəbər verir ki, ötənlərin məşhur futbolçusunun Berlində Çempionlar Liqasının finalı ("Yuventus" - "Barselona" - 1:3) öncəsi 29 yaşlı "Barselona" azarkeşinə hücum edərək döydüyü bildirilir.
Mark adlı ispan tərəfdar "Le Petit Feliks" adlı gecə klubunda şəkil çəkdirmək üçün Fiquya səslənib. Ardından ortalıq qarışıb. Mark hadisəni belə xatırlayır: "Üzərimdəki "Barselona" formasını öpdüm. Bu anda Luiş Fiqu dəliyə döndü. Əlindəki içki qədəhiylə başıma vurdu, sonra isə stəkanı yerə atıb, mənə yumruq atdı".
Bundan başqa azarkeş özünün və yanındakı yoldaşlarının Fiqunun təlimatıyla klubun təhlükəsizlik işçiləri tərəfindən döyüldüklərini və ardından yaxalarından tutularaq, çölə atıldıqlarını ifadə edib. Gənc "Barselona" azarkeşi "klubun gerbini öpməyim onu özündən çıxartdı. Bizi döydürdükdən sonra da mənə, cəhənnəm ol get, barselonalı" deyə bildirib.
Xatırladaq ki, Fiqu "Barselona"nın istəyi ilə Çempionlar Liqası finalı əvvəli "Yuventus"un köhnə ulduzlarıyla oynanan matçın heyətindən kənarlaşdırılmışdı. Portuqaliyalı futbolçu çıxış edərkən, uzun müddət "Barselona"da forma geydikdən sonra onların əzəli rəqibi "Real"a keçmişdi. Həmin vaxtdan Fiqu ilə "barsa"lı azarkeşlərin münasibəti pozulub.