Prezident İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı, Heydər Əliyev Fondunun vitse-prezıdenti Leyla Əliyeva birinci Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi "Bakı Kristal Zalı"nda yaradılan şəraitlə tanış olublar.
SportArena.Az-ın "president.az" saytına istinadən verdiyi məlumata görə, gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verib.
"Bakı Kristal Zalı"nda birinci Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçiriləcək.
Burada voleybol meydançası yüksək səviyyədə yaradılıb. Dörd min tamaşaçı yerlik bu meydança beynəlxalq tələblərə cavab verən ən müasir texniki avadanlıqla təchiz edilib. Meydançada Oyunlar zamanı həm kişi, həm də qadın idmançılar mübarizə aparacaqlar. Ümumilikdə, birinci Avropa Oyunlarında Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Finlandiya, Almaniya, Fransa, İtaliya, Polşa, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Xorvatiya, Rumıniya, Hollandiya komandaları iştirak edəcəklər.
"Bakı Kristal Zalı"nın müasir səviyyədə qurulması həm də ölkədə idmanın inkişafına göstərilən diqqətin nəticəsidir.
"Bakı Kristal Zalı"nın boks meydançasında yaradılan şərait də birinci Avropa Oyunları zamanı idmanın bu növü üzrə də yarışların ən yüksək səviyyədə baş tutmasına geniş imkan yaradır. Burada 2600 tamaşaçı yerlik tribuna qurulub. Zalın yaradılması zamanı beynəlxalq idman qurumları, o cümlədən “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin tələbləri yüksək səviyyədə yerinə yetirilib. Burada həm idmançıların, həm məşqçilərin, həm də tamaşaçıların rahatlığı üçün mühüm işlər görülüb. Birinci Avropa Oyunlarında boks üzrə kişilər 10 çəki dərəcəsində, qadınlar isə 5 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Voleybol və boks meydançalarının "Bakı Kristal Zalı"nın əsas hissəsində yerləşməsi səbəbindən onların arasında xüsusi akustik divar qurulub. Bu isə öz növbəsində yarışlar zamanı idmançılar, məşqçilər və tamaşaçıların rahatlığını təmin etməyə və bir-birinə mane olmamağa imkan verir. Bu cür akustik divarın qurulması beynəlxalq idman federasiyalarının tələblərinə daxildir.
Ümumilikdə, "Bakı Kristal Zalı"nda birinci Avropa Oyunları zamanı keçiriləcək yarışlar üçün yaradılan zalların hamısı Olimpiya Oyunları standartlarına cavab verir. Birinci Avropa Oyunlarında dünyanın bir sıra qabaqcıl idmançıları mübarizə aparacaqlar. 59-u qızıl medal sahibi olmaqla ümumilikdə, 150 Olimpiya medalçısı “Bakı-2015” ilk Avropa Oyunlarına qatılacaq. “Bakı-2015” birinci Avropa Oyunları zamanı bütün dünyanın diqqəti çempion olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək. Belə tədbirlərdə ilk dəfə çıxış edəcək idmançıları isə birinci Avropa Oyunlarının çempionu titulunu əldə etmək uğrunda böyük rəqabət gözləyir. Ümumilikdə, belə bir tarixi idman tədbirində iştirak etmək bütün idmançıların karyerasında yüksək dönüş nöqtəsi olacaq. İyunun 12-dən 28-dək davam edəcək Oyunlarda mübarizə aparacaq 6 min idmançıdan 200-ə yaxını dünya çempionudur. Bütün bu faktlar Avropa Oyunlarında güclü rəqabətin olacağının və dünya idman ictimaiyyətinin bu Oyunlara böyük əhəmiyyət verməsinin təsdiqidir.
"Bakı Kristal Zalı"nın ətrafında geniş abadlıq işləri də aparılıb. Ərazidə 6 min kvadratmetr asfalt örtüyü yenilənib, o cümlədən 3 min 500 kvadratmetr yeni asfalt örtüyü salınıb. Burada Avropa Oyunları Ailəsi, idmançılar, texniki işçilər və VİP qonaqlar üçün yeməkxanalar yaradılıb. Bundan başqa, ərazidə akkreditasiya, logistika, mühafizə zonaları, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşlarının otaqları və digər müvəqqəti qurğular quraşdırılıb.