"Kəpəz"in icraçı direktoru Mehman Allahverdiyevin müsahibəsi
- "Kəpəz"in elitaya qayıtmasından sonra özünüzü necə hiss edirsiniz?
- Əlbəttə, bu, məni sevindirir. "Kəpəz"in Premyer Liqaya qayıtması təkcə Gəncəyə yox, bütövlükdə Azərbaycan futbolu üçün çox lazımlı idi. Təəssüf ki, xeyli müddət idi Gəncə böyük futbolsuz qalmışdı, uşaq futbolu zəifləmişdi. Şərait olmadığından bu bölgədən çıxan oyunçular ya "Qəbələ"yə keçirdi, ya "Neftçi"yə, ya da "Qarabağ"a. Elə təkcə "Qəbələ"nin futbol akademiyasında nə qədər gəncəli uşaq var. Allah eləsin ki, bizdə də futbol akademiyası açılsın, şəraitimiz yaxşılaşsın. Bu, həm Azərbaycan futbolunun, həm də yığmamızın inkişafına çox böyük təsir edər.
- Klubun Şahin Diniyevə tapşırılması ideyası necə yarandı?
- Biz oturub düşündük ki, kimi dəvət etsək, daha yaxşı olar. Bir neçə variant var idi, amma sonra Diniyevi seçməyə qərar verdik. Çünki o, həm Gəncədə oynayıb, həm də bu komandanı çalışdırıb, yerli futbolu da yaxşı tanıyır. Mən öz təkliflərimizi ona çatdıranda, razılaşdı. O, özü də böyük məmnunluqla təklifimizi qəbul etdi.
- Amma bir vaxtlar sizin Diniyevlə münasibətlərinizin yaxşı olmadığı barədə xəbərlər dolaşırdı...
- Bunu niyə ortaya atırlar? Bunlar hamısı şayiədir. Siz özünüz də mətbuatın içindəsiniz və yəqin şahidi olmusunuz ki, "Kəpəz"də baş verən hər hadisəyə görə Mehman Allahverdiyevi günahkar çıxarırlar. Mənim özümə də maraqlıdır ki, belə məlumatları haradan uydururlar?
- "Kəpəz"in Premyer Liqadakı hədəfi nədən ibarət olacaq?
- Hazırda güclü futbolçuların hamısının klubları ilə müqaviləsi var. Biz ortabab səviyyəli futbolçulardan heyət formalaşdırmağa çalışacağıq. Əsas yerli futbolçulardan ibarət komanda yaratmaqdır. Bizim zəif cəhətlərimizdən biri odur ki, pul olan kimi legioner gətirməyə qaçırıq.
- Deməli, siz də əsasən yerlilərdən ibarət olan "Sumqayıt" kimi siyasət yürüdəcəksiniz?
- Xeyr. Bizdə legionerlər də olacaq. Sadəcə, əsas üstünlük yerli futbolçulara veriləcək. Çünki gələcəkdə yığma komandanı da gücləndirmək istəyirik.
- Artıq Bəxtiyar Soltanovla müqavilə bağlamısınız. Bundan sonrakı transfer planlarınız necədir?
- Bəli, Soltanovla bir illik müqavilə imzalamışıq. Digər transfer planlarımız barədə danışmaq istəmirəm. Hələlik, danışıqlar davam edir. Hansısa dəqiqləşən kimi, məlumat verəcəyik.
- Klubun büdcəsi necə olacaq?
- İnanıram ki, hər şey normal olacaq. Bu məsələnin həllində şəhər icra hakimiyyəti də bizə yardımçı olacaq. Sadəcə, istərdim ki, olmayan məsələlər şişirdilməsin. Jurnalistlərin arasında dost bildiyim, özümə doğma saydığım insanlar da var. Məsələn, Şahin Diniyevlə bağlı sualınıza qayıdım. Onunla aramızda nə ola bilər ki? Allaha şükür ki, hər şey yaxşıdır. Düzdür, ola bilər ki, vaxtilə hansısa anlaşılmazlıq olub. Biz Şahinlə bunu da danışmışıq. Elə insanlar var ki, ara vurmağa çalışırlar. Şahinə də demişəm ki, kimsə məndən sənə nəsə desə, de ki, yaxşı edib. Özüm də elə reaksiya verəcəyəm. Bizə artıq söhbətlər yox, futbol lazımdır. azerisport