Hələ xeyli müddət əvvəl yazmışdıq ki, “Neftçi” rəhbərliyi çətin seçim qarşısındadır. Xalq komandasını ələ keçirən AFFA-nın baş katibi Elxan Məmmədov və onun “SOCAR”-da əyləşən himayədarları “flaqman”a böyük vəsait ayırmaq istəsələr də, tərəddüd edirdilər.
“Neftçi”ni Sadıq Sadıqovun əlindən alanların özləri də, anlayırlar ki, ən azı onun dövründəki nəticələr təkrarlanmasa, yuxarılara bunun hesabını vermək çətin olacaq. Çünki Premyer Liqada “Qəbələ” və “Qarabağ” kimi güclü klublar var və “Neftçi”nin onlarla başabaş mübarizə apara biləcəyinə, çempion olacağına heç kim zəmanət verə bilməz.
Bunun üçün “Neftçi”ni ələ keçirən qüvvələr iki plan hazırlamışdı. Şərti olaraq, “A planı” adlandırdığımız ilk variant o idi ki, “Neftçi”yə xeyli pul ayrılsın, əcnəbi mütəxəssis və bahalı legionerlər gətirlisin. Bununla yanaşı, Müşahidə Şurası adı altında bir neçə klubu ələ keçirərək, onların “Qəbələ” və “Qarabağ”a qarşı amansız mübarizəsi təmin olunsun. Görünür ki, bu plan ağlabatan olmayıb. Çünki, “Sumqayıt” və onun kimilər hər nə qədər çalışsalar da, onların “Qəbələ” və “Qarabağ”ı durduracağına heç kim qarant dura bilməzdi. Ona görə də, “Neftçi”də “B planı” işə düşdü.
İkinci plan o idi ki, kluba elə də böyük büdcə ayrılmır, gənc yerli mütəxəssis baş məşqçi postuna gətirilir. Sabah yuxarılar da hesab istəyəndə, əllərində arqument olur ki, Sadıq Sadıqovun dövründə olan imkanlar indi “Neftçi”də yoxdur, ona görə də, əsas məqsəd nəticə yox, gənc futbolçuların yetişdirilməsidir. Samir Əliyevin baş məşqçi postuna təyinatı onu göstərir ki, Elxan Məmmədov ikinci planı daha məqsədəuyğun hesab edib. Çünki büdcə hər nə qədər kiçik olsa, bunun hesabı da o boyda olacaq.
Lakin bütün bu gedişləri hesablayan Elxan Məmmədov bir məqamı diqqətdən qaçırıb. Son illər Sadıq Sadıqovla çempionluqlara alışmış fanatlar ortabab olmağı həzm edəcəklərmi? sportal.az