İngilis prodüser: "Olimpiya Stadionunda möhtəşəm gecə olacaq"

13:20 9 İyun 2015

“Bakı Olimpiya Stadionunun heyrətamiz quruluşu bu ölkənin idman tarixində ən möhtəşəm gecə üçün əla proqram hazırlamağa imkan verir”. SportArena.az xəbər verir ki, bu sözləri “Bakı-2015” I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin prodüseri Katerina Uqvu deyib.

 

Əslən Mançesterdən olan K.Uqvu bunları bildirib: “Tədbiri təşkil edən ölkənin mədəni irsinin təbiətinə görə hər bir mərasim özünəməxsus olmalıdı. “Bakı-2015” də fərqli olacaq. Azərbaycan gənc ölkə olsa da, öz mədəniyyəti ilə fəxr edir və bu da mərasimdə əks etdiriləcək. Bizim komandanın bacarıqlı üzvləri ilə yanaşı, açılış mərasiminin tərtibatçısı, bədii direktorumuz Dimitris Papayoannou və bağlanış mərasiminin bədii direktoru Ceyms Hadli də fəaliyyət göstərirlər. Eyni zamanda, yüksək istedada malik azərbaycanlı gənclərdən ibarət könüllülər də bizə dəstək verirlər. Bakı Olimpiya Stadionunun heyrətamiz quruluşu bu ölkənin idman tarixində ən möhtəşəm gecə üçün əla proqram hazırlamağa imkan verir”.

 

Xanım prodüser 2002-ci ildə doğma şəhərində keçirilmiş tədbirdən etibarən beynəlxalq idman aləmində mərasimlərin peşəkar prodüserinə çevrilib. O, Mançester stadionunda XVII birlik oyunlarının bağlanış mərasimindən sonra 2006-cı ildə Qətərin paytaxtı Dohada keçirilən XV Asiya Oyunlarının açılışının da təşkilatçısı olub. Bundan əlavə, K.Uqvu 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin strateji hissəsinin baş prodüseri kimi mühüm vəzifənin öhdəsindən bacarıqla gəlib.

 

Katerina Uqvu “Bakı-2015”-dən əvvəl 2012-ci ildə Londonda keçirilən Olimpiya və Paralimpiya Oyunları üzrə mərasimlərin icraçı prodüseri olub. K.Uqvu London Olimpiadasına verdiyi mühüm töhfəsinə görə 2013-cü ildə Britaniya İmperiyası Ordeni ilə təltif edilib.

 

O, Akkra, Adelaida, Antverpen, Los-Anceles, Mexiko və Nyu-Yorkda bir çox beynəlxalq incəsənət festivallarının tərtibatçısıdır. O, 1997-ci ildə canlı incəsənət üzrə inkişaf agentliyini təsis edib, 2001-ci ildə isə agentliyin direktoru olub. K.Uqvu 1991-ci ildən 1997-ci ilədək proqramlaşdırma, kuratorial və tapşırıqların verilməsi ilə bağlı tədbirlər keçirməklə Londonda, Müasir İncəsənət İnstitutunun canlı incəsənət şöbəsində direktor müavini vəzifəsinədək yüksəlib.

 

“Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Katerina Uqvu barədə belə deyib: “Bakıda ilk Avropa Oyunlarını təşkil etmək istiqamətində geniş təcrübəyə malik K.Uqvu ilə işlədiyimiz üçün bəxtimiz gətirib. Katerina son 20 ildə bu işlərdə böyük nüfuz qazanıb. Onun adı dünya idman sahəsinin ən yaddaqalan mərasimlərində çəkilir”.


Digər xəbərlər

Xəbər xətti