Yaş da otuzu haqladı. Uşaq ikən otuz yaşında kimisə görəndə az qala ağsaqqal kimi yanaşırdım. İndi görəsən otuz yaşlı birinə necə yanaşırlar..?
İnanmıram ki, ağsaqqal desinlər. Nə əməlləri ilə, nə danışıqları ilə buna layiq olmurlar axı. O vaxt atam da otuz yaşından biraz keçmişdi. Əzmindən, baxışlarından siçan deşiyi axtarırdım girməyə. Amma onu çox istəyirdim. Yaxşı yadımdadı, kənddə futbol çempionatları keçirilirdi. Əlimdən tutub məni də aparırdı. Elə o vaxtdan futbol sevgisi yaranmışdı məndə. Ayrı aləm idi. Əsl kişilik mübarizəsi gedirdi meydanda. Uduzmağı da bacarırdılar, amma kişi kimi. Uşaqlıqdan əzbərləmişdim “Neftçi”nin adını. Mənim dünyamda ondan başqa komanda da yox idi. Həyətdən evə məni çağırmağın yolunu da tapmışdı bizimkilər. “Neftçi” oynayır, gəl”. Ağ-qara televizorumuzda “ağ-qaralar” o qədər rəngli görünürdü ki mənə. Yaş artıdqca maraqlarım da dəyişdi. Futbola olan sevgim isə heç vaxt dəyişmədi. Bəlkə də “Neftçi”ni “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ” ya da “İnter” əvəz elədi. Amma adlar dəyişdi, fubolla yaşamaq istəyim yox.
.. Bu gün ürək ağrısı ilə izləyirəm futbolu. Yadların oyunu, qazandığı uğurlar adamı elə yandırır ki. Nə oldu,axı biz də vaxtilə futbol meydanlarında at oynadırdıq. İndi heç top oynada da bilmirik. Otuzdan yaşı biraz keçənlərin futbolumuzu ağlar günə qoymağını görəndə onlara necə ağsaqqal kimi yanaşsın uşaqlıq xatirələrim? El içində Xan eləmək əvəzinə, el içində xar elədilər bizi. Dünən uşaqlıq arzularımın, xəyallarımın üstündən də qara bir xətt çəkildi. “Ağ qaralar”ın gününün ağ-qara olduğu zamandı.
İndi mənim də övladımın əlindən tutub komandanı sevdirmək arzum var axı. Nə olar, imkan verin bu arzumu reallaşdırım. Futbolla yanaşı məni də çox istəsin...
İlkin Baba