Bu gün Türkiyənin və Böyük Britaniyanın su polosu komandaları Bakıdakı ilk məşqlərinə çıxıblar.
SportArena.az xəbər verir ki, Türkiyə komandasının baş məşqçisi, Ersin Özdurak Bakı 2015-ə hazırlıq prossesindən bəhs edərkən heyətdəki zəif və güclü tərəflərdən danışıb:
"Oyunun hər mövqeyində əksikliklərimiz var. Ona görə də komandamın daha çox çalışmağa ehtiyacı var".
Türkiyəli mütəxəssis, komandasında hər hansı bir ulduz oyunçunun olub-olmaması ilə bağlı verilən suala belə cavab verib: "Düzünü desəm, bizim ulduz oyunçumuz yoxdur. Daha çox komanda şəklində oynamağa çalışırıq. Ona görə də komanda da hansısa idmançını ulduz adlandıra bilmərəm".
Monteneqro, Xorvatiya və Yunanıstan komandaları ilə eyni qrupda mübarizə aparacaqlarını bildirən, Özdurak, ilk mərhələni keçəcəkləri halda növbəti oyunlarda uğur qazanaraq, medalçılar sırasına düşə biləcəklərini düşünür.
Bu gün Böyük Britaniya komandası ilə Bakıda ilk məşqinə çıxan Anna Eduards isə Avropa Oyunlarının onun üçün böyük təcrübə olacağını vurğulayıb: "Bu heyranedicidir, çünki əvvəllər belə bir yarışda heç vaxt iştirak etməmişəm. Bütün bunlar misli görünməmiş tədbirlərdir. Heç vaxt düşünməzdim ki, belə bir təcrübə qazanmaq şansım olacaq".
Qeyd edək ki, su polosu oyunu, 19-cu əsrdə məhz Böyük Britaniyada yaranmış və daha sonra dünyanın hər yerində oynanmağa başlanmışdır. 1900-cu ildə Parisdə keçirilən ikinci Olimpiya Oyunlarda, olimpiya idman növlərinə daxil edilən su polosu, hər biri 8 dəqiqə olan 4 hissədən ibarət olur.
Bakı 2015, birinci Avropa Oyunlarında kişilərin su polosu yarışında 16, qadınların yarışında isə 12 komanda mübarizə aparacaq. Yarışda yalnız yaşı 17-dən aşağı olan idmançılar çıxış edəcək.