"Bakı-2015" Avropa Oyunlarında stolüstü tennis üzrə yarışlar yeni qaydaların tətbiqindən öncəki ən mühüm yarışlardan biri olacaq.
SportArena.az xəbər verir ki, yeni qaydalara görə, oyunçular stol kənarında uzun müddət təkbaşına qalmayacaq, onlara məşqçilər də yardımçı olacaq.
Rioda baş tutacaq Olimpiya və Paralimpiya Oyunlarından sonra - 2016-cı ilin oktyabrında ilk dəfə olaraq bu oyunda məşqçilərin idmançıları jestlərlə idarə etməsinə imkan veriləcək. Onlar xüsusi siqnal və hərəkətlərlə idmançılara dəstək olacaqlar.
Lakin "Bakı-2015"də keçiriləcək stolüstü tennis yarışları ənənəvi qaydada baş tutacaq - 2 raket, 2 oyunçu və izləyici kütləsi.
Qeyd edək ki, 1988-ci ildə stolüstü tennis üzrə Olimpiya Oyunlarında baş tutan debütdə dəyişikliklər edildikdən sonra ötən ay Suzoda keçirilən dünya çempionatında 330 milyon insan yenilənmiş idman növünü izlədi. Birinci Avropa Oyunlarında baş tutacaq yarışların da geniş izləyici kütləsi olacaq.
1988-ci ildən bu oyunda edilən dəyişikliklərə topun ölçüsünün 40 mm-ə kimi artırılması və oyun zamanı rəqib topunun gizlədilməsinə icazə verilməməsi daxildir. Yeniliklərə görə, oyun seti 21 xal əvəzinə, 11 xalla hesablanacaq.