Böyükağa Hacıyev: "Yeddi milyon versinlər mənə, istədiyin komandanı çempion edim"

22:29 9 İyun 2015

AFFA Məşqçilər Komitəsinin üzvü, "Neftçi"nin keçmiş baş məşqçisi, tanınmış futbol mütəxəssisi Böyükağa Hacıyev ölkə.az-ın suallarını cavablandırıb.
 
 
Sportarena.az həmin müsahibəni təqdim edir:
 
- Böyükağa müəllim futbol mövsümü başa çatdı. Hansısa klubdan təklif almısınızmı?
- Hələ ki, heç bir təklif yoxdur. Xaricdən bir menecerim gəlib, onunla danışıqlarımız davam edir.
 
- Meneceriniz hansı ölkədəndir?
- İrandan. Onunla söhbətimi bitirəndən sonra dəqiq söz deyə biləcəyəm.
 
- Yəqin ki, ölkədən kənarda işləmək perspektivi də var.
- İnşallah.
 
- Yerli klublardan təklif gəlsə, qəbul edəcəksiniz, yoxsa ancaq xarici komandada işləmək istəyirsiniz?
- Yerli nə klub var ki, sadala görüm.
 
- "Neftçi", "Qəbələ", "Qarabağ", "İnter" kimi klublarımız var...
- "Qarabağ"da Qurbandı, "Qəbələ"də Qriqorçukdur.
 
- AZAL da var.
- Mən hər klubda da işləmərəm.
 
- Yəni AZAL-a getməzsiniz?
- Bu reytinqi yığmamışam ki, havayı xərcləyəm.
 
- Mütləq iddialı klub olmalıdır?
- Bəli, əlbəttə. Kim çempionluq istəyirsə, o gəlməlidir mənim üstümə.
 
- Azərbaycanda bir komandanı çempion etməyə nə qədər büdcə lazımdır?
- Yeddi milyon versinlər mənə, istədiyin komandanı çempion edim.
 
- Hazırda klublarımızın büdcələri 7 milyondan çoxdur?
- "Neftçi"də büdcə yeddi milyon idi. Vaxtı-vaxtında pulumuzu alırdıq.
 
- Sizdən sonra büdcə artırılmışdı?
- Ondan xəbərim yox idi. Mən öz dövrümə cavabdehəm. Bilirəm ki, yeddi milyonu aşmırdı.
 
- Hazırda "Neftçi" çətin günlərini yaşayır. Sizcə, komandanın əsas problemi nədir?
- Bu suala cavab verə bilməyəcəyəm. Çünki qıraqda durmuşam, o mətbəxdən uzaqdayam.
 
- Mətbuatın yazdığına görə, Pro kateqoriyalı məşqçi kurslarının imtahanından kəsilmisiniz...
- Sənin fikrincə, mən qiymət ala bilmirəmsə, kim ala bilər?
 
- Yəni yalan informasiyadır?
- Boş söhbətdir.
 
- Təcrübəli mütəxəssis kimi gənc həmkarlarımızdan hansının işini bəyənirsiniz?
- Mirbağır İsayevin.
 
- Mütəxəssis kimi onun özəlliyi nədədir?
- Çox xarizmatik məşqçidir, öz işini bilir, işinə ciddi münasibəti var. Ona görə də Mirbağıra mütəxəssis kimi hörmət bəsləyirəm.
 
- "Neftçi"dən təklif olsa, üçüncü dəfə bu kluba qayıtmağınız mümkündürmü?
- Mən məşqçiyəm, azərbaycanlı oğluyam. Futbolumuzun istənilən nöqtəsi mənimçün şərəfdir. Gərək hardan təklif olsa, fikirləşəm.
 
- Avrokuboklara vəsiqə qazanan klublarımız bəlli olsa da, rəqiblər müəyyənləşməyib. Əgər münasib rəqiblər düşərsə, komandalarımızın şanslarını necə dəyərləndirirsiniz?
- Əgər indiki yanaşma olsa, Avropada çətinliklər yaşayacaqlar. Çempionatın son turlarında hamı yarı güclə oynayırdı. Gərək işə ciddi yanaşsınlar və toparlansınlar. Yoxsa çətin olacaq.


Digər xəbərlər

Xəbər xətti