FOTO "Bu cür qonaqpərvərliyi heç yerdə görməmişik"

00:21 10 İyun 2015

"Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər iyunun 6-dan Azərbaycan ərazisindədirlər.

 

SportArena.az xatırladır ki, portuqaliyalı velosipedçi Jorge Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb və ümumilikdə 6000 km-dən çox məsafə qət edib. Xorvatiyada velosiped idmanının və turizmin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubunun 5 üzvü isə mayın 5-də yola çıxıb. Onların marşrutunun uzunluğu təxminən 4000 km-dir.


Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Portuqaliya Milli Olimpiya Komitəsi və Azərbaycanın Xorvatiyadakı səfirliyinin birgə təşəbbüsü əsasında baş tutan bu yürüş zamanı velosipedçilər səfər etdikləri ölkələrdə Bakı-2015-in təbliği ilə məşğul olaraq, yerli əhaliyə Avropa Oyunları barədə məlumat veriblər.


İyunun 6-da Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük–keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olan qonaqları Azərbaycan Velosiped İdmanı Federasiyasının təmsilçiləri, mətbuat nümayəndələri, milli geyimli gənclər və həvəskar velosipedçilər qarşılayıb. Azərbaycanda gördüklərindən heyran olduğunu gizlətməyən portuqaliyalı Jorge Kristovao qarşılanma mərasimindən çox təsirləndiyini deyib: "Mənu bu cür qəbul etməyiniz həqiqətən də çox xoş oldu. Azərbaycanın Avropa Oyunlarını qəbul edəcəyini bildikdən sonra belə bir qərar qəbul etdim ki, Portuqaliyadan Azərbaycana velosipedlə səyahətə çıxım və özünü Avropa Oyunlarının açılışına çatdırım. Eşitdiklərim və ən əsası gördüklərim məni bir daha əmin etdi ki, ölkəniz bu yarışı ən yüksək səviyyədə təşkil edəcək. Belə böyük idman bayramının iştirakçısı olmaqdan böyük qürur hissi keçirirəm. Özümlə Portuqaliya bayrağını da gətirmişəm və onu Bakıyta çatdıqdan sonra Avropa Oyunlarında iştirak edəcək ölkəmin nümayəndə heyətinə təqdim edəcəm.


Xorvatiyanın “Pedalinac” velosiped klubunun rəhbəri Mladen Qaçeşa isə ölkəmizdə gördüyü qonaqpərvərliyə heyran olduğunu deyib: "Belə qarşılanmanı heç gözləmirdim. Çox səyahətə çıxmışam, çox ölkədə olmuşam, amma bu cür qonaqpərvərliyi heç yerdə görməmişəm. İnsanların bizə göstərdiyi münasibəti görəndə, göz yaşlarımı saxlaya bilmədim. Hamı bizə yaxınlaşır, səyahətimiz haqda maraqlanır. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən bizim üçün təşkil olunmuş qarşılanma, yolboyu müşaiyət və ölkənizdə yaşadığımız xoşbəxt dəqiqələrə görə sizə dərin minnətdarlığımızı bildiririk".


Proqrama əsasən Azərbaycan ərazisində Balakən - Zaqatala - Qax - Şəki - Oğuz - Qəbələ - İsmayıllı - Şamaxı - Qobustan - Bakı marşrutu üzrə hərəkət edən səfər iştirakçılarına Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri tərəfindən ölkəmizin tarixi, görməli yerləri barədə məlumat verilir, onların yerli əhali ilə görüşləri təşkil edilir. Velosipedçilər Bakıya sabah çatacaqlar.


Digər xəbərlər

Xəbər xətti