Bakıda keçiriləcək I Avropa Oyunlarında yığmamızın heyətində “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edəcək.
SportArena.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 17 idmançı Avropa Oyunlarının mükafatları uğrunda mübarizə aparacaq. Bu atletlərdən 12-si döyüş növlərində qüvvəsini sınayacaq.
İyunun 16-19-da Kristal Zalda keçiriləcək taekvondo yarışlarında “Qəbələ”ni Məhəmməd Məhəmmədov təmsil edəcək. O, 58 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
İyunun 16-27-də Kristal Zalda baş tutacaq boks yarışlarında klubu Lorenzo Sotomayor təmsil edəcək. Boksçu 64 kq çəki dərəcəsində mükafat uğrunda mübarizə aparacaq.
İyunun 25-28-də Heydər Əliyev adına İdman Arenasında baş tutacaq cüdo yarışlarında “Qəbələ”nin 3 idmançısı tatami üzərinə çıxacaq. Kifayət Qasımova (57 kq) və Ayşə Qurbanlı (48 kq) qadınların, Uşangi Kokauri (+100 kq) kişilərin yarışında çıxış edəcək.
Heydər Əliyev adına İdman Arenası iyunun 22-də samboçuların sərəncamına veriləcək. Burada “Qəbələ”nin 5 üzvü medallar üçün mübarizə aparacaq. Qadınların mübarizəsində Şəhanə Hüseynova (60 kq), Fəridə Qurbanova (64 kq) və Nərmin Əlizadə (68 kq), kişilərin yarışında Amil Qasımov (74 kq) və Vasif Səfərbəyov (+100 kq) çıxış edəcək.
İyunun 13-14-də Kristal Zalda “Qəbələ”nin iki karateçisi tatami üzərinə çıxacaq. Niyazi Əliyev 67 kq, Rafael Ağayev 75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Klubumun digər 5 idmançısı atıcılıq yarışında çıxış edəcək. İyunun 16-24-də Bakı Atıcılıq Mərkəzində Emin Cəfərov, Paşa Əhədpur və Nurlana Cəfərova dairəvi stenddə, Elvin İsmayılovla Alina Rarikxanova səngər stendində medallar uğrunda mübarizə aparacaq.