Norveç yığmasının yarımmüdafiəçisi Stefan Yohansen AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb.
SportArena.az xəbər verir ki, o, öncə bir neçə gün əvvəl qarşılaşdıqları İsveçlə yoxlama matçından danışıb:
"İsveçlə oyunda qol vəziyyətlərindən yararlana bilməməyimiz məni narahat etmir. Əminəm ki, Azərbaycanla oyunda bu baxımdan işimiz daha yaxşı olacaq. İsveçlə oyunda sürətli oynamağımız xoşuma gəldi. Sadəcə, hücumlarda dəqiq olmaq lazım idi. Ümid edirəm ki, qarşıdakı oyunda bu baxımdan hər şey qaydasında olacaq".
Şotlandiyanın "Seltik" klubunun yarımmüdafiəçisi yığmamızla oyunda daha çox qol vəziyyəti yaradacaqlarını düşünür: "Azərbaycanla oyunda daha çox qol şansımız olacaq. Bunu heç də rəqibimizin bizdən zəif olmasına görə demirəm. Sadəcə, biz son dövrlər çox artırmışıq. Hücumçular hər şeyi təkbaşına həll etməli deyillər. Onlara kömək lazımdır. Hesab edirəm ki, mərkəzdə oynayan futbolçular hücumçulara daha çox dəstək verəcəklər və onları lazımlı ötürmələrlə təmin edəcəklər".
Yohansenin fikrincə, komandası iki hücumçu ilə oynayanda daha effektli olur: "Bizim üçün iki hücumçu ilə oynamaq daha asandır və hesab edirəm ki, faydası çox olur. Azərbaycanla oyunda isveçlilərlə qarşılaşmanın ikinci hissəsindəki kimi çıxış edə bilsək, müsbət nəticəyə ümid edə bilərik".