Çerandan "Xəzər Lənkəran"la bağlı açıqlama: "Qorxmuram"

17:14 10 İyun 2015

Maliyyə problemləri səbəbindən “Simurq”u tərk edərək, vətəninə yollanan serbiyalı futbolçu Draqan Çeran yenidən ölkəmizə qayıdır.
 
 
SportArena.az xəbər verir ki, artıq təcrübəli hücumçu "Xəzər Lənkəran"la böyük ölçüdə razılığa gəlib. Məsələni dəqiqləşdirmək üçün Çeranın da fikrini öyrənməyə qərar verdik. O isə bu barədə ehtiyatlı danışmağı üstün tutdu: “Hazırda bu barədə sizə heç bir məlumat verə bilmərəm. Hesab edirəm ki, bunu gizli saxlasam daha yaxşı olar”.

Çerandan yenidən Azərbaycana qayıtmağın necə hiss olduğunu da soruşduq. Çünki onun Zaqatala klubundakı karyerası bədbin notlarla başa çatmışdı. Və legioner hələ də “sarı-qaralar”dan 5 aylıq maaşını ala bilmir. Serb forvard isə ölkəmizə qayıtmaqla bağlı nikbin olduğunu dilə gətirdi: “Hesab etmirəm ki, “Simurq”dakı karyeram uğursuzluqla başa çatdı. Orada 2 mövsüm ərzində 30 qol vurdum. Yenidən hər şey yaxşı ola bilər. Bu barədə heç bir qorxum yoxdu. Əlavə olaraq onu da bildirim ki, hazırda mənə bir çox klubdan təkliflər var”. 

Qeyd edək ki, Çerandan əlavə, Rəşad Eyyubov, Vaqif Cavadov və İlqar Qurbanovun da Lənkəran təmsilçisinə keçidi gündəmdədi. futbolinfo.az


Digər xəbərlər

Xəbər xətti