Son günlər oxuduqlarım, gördüklərim qarşısında necə münasibət göstərə biləcəyimi, necə edib heç kimin qəlbinə dəyməyəcəyimi çox götür-qoy elədim. Əlində baş verənlərin bir qismi son dərəcə normal yanaşılası olaylardı. Vüqar Nadirov “Qarabağ”la müqavilə imzalamaqdan imtina edib. Yəni, burda qeyri-adi heç nə yoxdur. Futboldur və istənilən oyunçu da müəyyən etaplarda hansısa komandanın formasını geyinir. Qısası, bizim işimiz yazmaqdırsa, onun işi də oynamaqdır. Vüqar Nadirov da bunu edirdi və bundan sonra da bir müddət edəcək. Di gəl ki, Vüqarın “Qarabağ”dan getməsi sanki “Qarabağ”ı vüqarsız bir komandadır deyimi ilə üz-üzə qoydu. Stadionda durmadan “Qarabağ” hayqıranların çoxu bu dəfə komandalarını yerin dibinə soxdular. Səbəb? Vüqar Nadirov “Qarabağ”dan gedib.
Hə, nə olsun? Komandada olan bir ağdamlı Ağdam klubu ilə razılaşa bilməyib. Guya "Qarabağ"ın bu gün Çempionlar Liqasında oynaması tək Vüqar Nadirovla bağlıdır ki? Qurban Qurbanov, Qara Qarayev ya Rəşad Sadıqov ağdamlıdır? “Qarabağ” Ağdam klubu olmaqdan çoxdan çıxıb cənablar! “Qarabağ” Azərbaycan komandasıdır. Məsələnin səbəbi hər kəsə bəllidir onsuzda. “Qarabağ” Nadirova bu günə qədər aldığı məbləğdən iki dəfə az pul təklif edib, o isə bunu qəbul etməyib. Yəni, pul söhbətidir. Bura qədər hər şey normaldır. Əsas həngamə isə bundan sonra baş verənlərdir. Açığı çalışıram ki, heç bir azarkeşin də qəlbinə toxunmayıb. Bir tərəfdən onları da anlamağa səy göstərirəm. Sevdikləri futbolçunun sevdikləri komandadan getməyini istəmirlər. Amma etdikləri etiraz... Bax bunu sizə yaraşdırmadım, hörmətli “Qarabağ” azarkeşləri. Siz bu addımınızla komandanı başqalarının yanında gözükölgəli, tənqid hədəfi etməkdən başqa heç nə etmədiniz. Bilirsiniz nəyə oxşayır, ailədə ata ilə ana arasında olan kiçik mübahisəni övladları qonşulara, qarşısına çıxan hamıya deyir. Bax bunu etdiniz. Hər kəsin əqidəsi, dini inancı, şəxsi həyatı yalnız özünü maraqlandırır. Bu nə sizi, nə də məni maraqlandıra bilməz. Bizim üçün önəmli olan onların meydanda azarkeşi olduğumuz komanda üçün sərgilədiyi oyundur ki, bunu da heç biriniz inkar edə bilməzsiniz. “Qarabağ”ın heyətində ehtiyatda qalan, adı heç 18-liyə də düşməyən kimlərisə deşifrə etdiniz. Havayı pul qazanır dediniz. Amma Vüqarla o adını hallandırdığınız kimsənin aldığı məbləği heç müqayisə etmədiniz axı.
Vüqarın xətrini çox istəyirəm. Bunun bu məsələyə heç bir aidiyyatı yoxdur. Anlayacağınız, kiminsə az ya da çox pul qazanması sizin komandanızdan üz döndərib, onun bu günə qədər etdiklərini, Azərbaycan futbolu üçün qaranlıqda işıq rolunu oynamasını inkar etməyinizə səbəb ola bilməz. Buna haqqınız yoxdur! Cənablar, yaraşmadı!
Qısası, varlının pulu kasıbın çənəsini yorar...
İLKİN BABA