VİDEO İrəvanda bayrağımızı qaldıran cüdoçumuz iddialıdır

23:26 10 İyun 2015

Avropa Oyunları zamanı Heydər Əliyev adına arenada 7800 tamaşaçı önündə rəqiblərinin kürəyini vurmaq uğrunda mübarizə aparacaq idmançılarımızdan biri də cüdoçumuz Elmar Qasımovdur. Karyerası ərzində artıq bir dəfə qitənin ən güclüsü olmağı bacaran tatami ustamız bu dəfə Avropa Oyunlarında eyni uğuru təkrarlamaq əzmindədir.
 
ANS TV-nin məlumatına görə, 2009-cu ildə İrəvanda gənclər arasında keçirilən Avropa çempionatında I yeri tutaraq erməniləri Azərbaycan himnini dinləməyə məcbur edən Elmar Qasımov bu dəfə Bakıda keçirilən ilk Avropa Oyunlarında ən güclüsü adını qazanmağa iddialıdır. 
 
25 yaşı olmasına baxmayaraq 100 kiloqram çəki dərəcəsində turnirin favoritlərindən sayılan Elmar Qasımov cari ilə yaxşı başlayıb. 
 
Qran-pri və “Böyük dəbilqə” turnirlərində ardıcıl qələbələr Qasımovu Beynəlxalq Cüdo Federasiyasının açıqladığı son reytinq siyahısında lider edib.
 
Hazırda öz çəkisində rəqib tanımayan Qasımov Avropa Oyunlarına səylə çalışdığını qeyd etdi: “Yarışda qalib olmaq asan görünə bilər. Amma bunun üçün gərək çoxlu məşq edəsən. Hazırda məşqlərimizi davam etdiririk”.
 
Elmar Qasımov bir müddət öncə kölgəyə çəkilməsi və yığmanın heyətinə düşə bilməməsinə də aydınlıq gətirib. Tatami ustası uğurlu çıxışına səbəb kimi milli komandada baş verən məşqçi dəyişikliyini göstərdi: “Məşqçinin aşıladığı proqram məni geri saldır. Hazırda baş məşqcimiz Hacı müəllimdir. Ötən olimpiya oyunlarında da onun rəhbərliyi altında məşq etmişdim. Hazırda onunla bir-birimizi yaxşı başa düşürük”. 
 
Avropa Oyunları zamanı cüdo üzrə təsnifat yerləri Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlinə əsasən müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti