Yay təlim-məşq toplanışına hamıdan erkən start verən “Qəbələ” digər tərəfdən “transfer bazarı”ndakı fəallığını da davam etdirir. SportArena.az xəbər verir ki, “qırmızı-qaralar” daha bir oyunçunu heyətə cəlb ediblər.
Mövsüm başa çatan kimi, Andrey Popoviç, Samir Zərgərov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Asif Məmmədovu heyətinə qatan “Qəbələ” ilk əcnəbi transferini də reallaşdırmaq üzrədi. Belə ki, baş məşqçi Roman Qriqorçukun ixtiyarında görmək istədiyi Ukraynanın “Zarya” klubunun müdafiəçisi Vitali Vernidubla danışıqlar müsbət nəticələnib.
Klubdan aldığımız məlumata görə, 28 yaşlı futbolçu artıq “Qəbələ”nin toplanış keçdiyi Ərzurum şəhərinə yollanıb və komanda ilə məşqlərə qatılıb. Çox güman ki, yaxın günlərdə onunla müqavilə imzalanacaq.
Artıq müdafiə xəttini xeyli gücləndirən “Qəbələ” indi də hücumçu axtarışını sürətləndirib. Viktor Mendi və Ruslan Fominin gedişindən sonra ön xətdə yaranmış boşluğu şimallılar əcnəbi hücumçularla doldurmaq niyyətindədi.
Qeyd edək ki, karyerası ərzində 1 dəfə Ukrayna yığmasının formasını geyinmiş Vitali Vernidub 2012-ci ildən bəri “Zarya”nın formasını geyinib.apasport