2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
SportArena.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov və Samir Zərgərovu heyətinə qatan “qırmızı-qaralar” ilk legioner transferini reallaşdırıb.
Ukraynalı futbolçu Vitali Vernidubla 1 illik müqavilə imzalanıb. Müdafiəçi artıq Ərzurumda komanda ilə məşqlərə qatılıb. 28 yaşlı mərkəz müdafiəçisinin son klubu vətənində Luqansk “Zarya”sı olub. O, 2012-ci ildən indiyədək bu komandada çıxış edib.
Ucaboy (194 sm) müdafiəçi bunadək yetirməsi olduğu Zaporojye “Metallurq”unun şərəfini qoruyub. 2004-2006-cı illərdə klubun 2-ci, 2007-2012-ci illərdə əsas komandasının formasını geyinən Vernidub 2007-ci ildə icarə əsasında “Krivbass”da çıxış edib. Ukraynanın U-18, U-21 yığmalarında çıxış etmiş arxa xətt oyunçusu 2014-cü ildə ölkəsinin əsas millisində debüt edib.