“Sabah bir neçə futbolçumuzun rəqib qapısına dəqiq zərbələr endirə biləcəyinə ümid edirəm. Hər şeydən əvəl müdafiədə yaxşı oynamaq lazımdır. Çünki Azərbaycan millisi son oyunlarda yaxşı hücumlar quraraq qol vurmağı bacarıb. İstənilən halda, məqsədimiz qol vurmaq və qələbə qazanmaqdır”.
Sportarena.az futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo deyib.
Sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində millimizə qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransında Hoqmo yığmamızın Serbiya ilə görüşünü izlədiyini bildirib: “Serbiya yığması ilə oyunda ilk nəzərə çarpan Azərbaycan yığmasının topa nəzarət etməsi və düşünülmüş hücumlar qurması idi. Bu baxımdan çətinliklərlə üzləşə bilərik”.
Xorvatiya - İtaliya matçının qrupdakı vəziyyətə təsir göstərəcəyini vurğulayan Hoqmo, ilk növbədə öz oyunları barədə düşündüklərini qeyd edib: “Biz özümüz öz taleyimizi müəyyənləşdirməli və sabahkı oyunda qələbə qazanmalıyıq.
Heyəti, demək olar ki, müəyyənləşdirmişik. Amma gözlənilməz hadisə olarsa, B, hətta C planımız da var. Azərbaycan millisi bizimlə son oyundakı ilə müqayisədə indi daha yaxşı təsir bağışlayır. Bakıdakı oyuna nəzərən indi nəyəsə qiymət vermək çox çətindir. Çünki orada həm qazonun vəziyyəti yaxşı deyildi, həm də indi Azərbaycan millisi başqa məşqçinin rəhbərliyi altında çıxış edir”.