“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da Birinci Avropa Oyunları ilə bağlı düşüncələrini bölüşüb.
SportArena.az xəbər verir ki, ukraynalı mütəxəssis "Qəbələ" İK qəzetinə açıqlamasında idmançılarımıza uğurlar arzulayıb:
“Azərbaycanın belə bir böyük turniri qəbul etməsi çox yaxşı haldır. Bu, çox ciddi yarışdır, məsuliyyətli sınaqdır. Belə turnir ölkənin beynəlxalq miqyasda adını, nüfuzunu qaldırır. İlk Avropa Oyunlarının ölkənizdə keçirilməsi çox önəmlidir. Bilirəm ki, bu yarışda “Qəbələ” də xeyli idmançı ilə təmsil olunur. Onlar arasında tanınmış idmançılar, dünya və Avropa çempionları da var. Mən onlara böyük nəticələr qazanmağı arzu edirəm. Əlbəttə, mən bir vətənpərvər kimi öz ölkəmi də sevirəm. Nəticəylə bağlı arzularımı ukraynalı idmançılara da şamil edirəm. İstərdim ki, bizim ölkənin təmsilçiləri də Azərbaycanda çoxlu medal qazansınlar”.
Xatırladaq ki, Azərbaycan “Bakı-2015”də 289 idmançı ilə 50 iştirakçı ölkə arasında 3-cü, Ukrayna 243 idmançı ilə 6-cıdır.