Azərbaycan kubokunun Qəbələdə keçirilən “Qarabağ” – “Neftçi” finalında kuboku paraşütlə stadiona gətirən Rəsul Musayev sən demə, “Neftçi” azarkeşi olub.
SportArena.az xəbər verir ki, Balakən hərbi dairəsinin mayoru olan Musayev uşaqlıqdan paytaxt klubuna azarkeşlik etsə də komandanın hazırkı durumu onu da bezdirib.
Bununla bağlı verdiyi açıqlamasında o, narazılığını kəskin şəkildə ifadə edib: “Uşaqlıqdan futbolun xəstəsi olmuşam. Uzun illərdi “Neftçi”nin fanatıyam. İmkan olanda stadiona gedib matçları canlı izləyirəm. Stadiona gedə bilməyəndə isə televiziordan baxıram. 41 yaşım var, özümü başa düşəndən “Neftçi”yə azarkeşlik etməyə başlamışam. Ancaq bu gedişlə fikrimi dəyişəcəm. Komanda ildən-ilə zəifləyir. “Qarabağ”la oyun bütün çatışmazlıqları ortaya qoydu. Belə “Neftçi” olmaz. Yəqin ki, son matçdan sonra klub rəhbərliyi çatışmazlıqları aradan qaldırmaq yönündə hansısa işlər görəcək. Yenilik olmasa, mənim kimi azarkeşi itirəcəklər (gülür)”.
“Futbol plus” qəzeti