Cavid Hüseynov: "Robert Prosineçki tsiklin əvvəlindən çalışsaydı, indi daha çox xalımız olardı"

13:15 13 İyun 2015

Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun müsahibəsi

 

- Norveçlə oyun barədə nə deyə bilərsiniz?
- Çətin olacağını bilirdik. Norveç bizə Bakıda qalib gəlmişdi. Bilirdik ki, rəqibin güclü təzyiqi ilə üzləşəcəyik. Hədəfimiz topa daha çox nəzarət etmək, rəqibi mərkəzdə qarşılamaq idi. Birinci hissədə bunun öhdəsindən çox yaxşı gəldik.

 

- İkinci yarıda daha çox çətinliklə üzləşdiniz...
- Şübhəsiz ki, qələbə qazanmaq üçün rəqib irəli atılmağa borclu idi. Amma bizə də qol buraxmamaq vacib idi.

 

- Nəticədən razı qaldınız?
- Əlbəttə, qələbə qazanmağı çox istərdik. Xal ehtiyatımızı altıya çatdırmağımız yaxşı olardı. Bu, qarşıdakı oyunlarda bizim qrup üçüncüsü olmaq şanslarımızı da artırardı. Lakin heç-heçə də pis nəticə sayılmamalıdır. Ümumiyyətlə, bu heç-heçəni qələbəyə bərabər hesab edirəm. Onların oyunun sonlarında çox təhlükəli qol vəziyyətləri oldu.

 

- Sizcə, Robert Prosineçki milliyə seçmə mərhələnin əvvəlindən rəhbərlik etsəydi, xal ehtiyatımız daha yaxşı ola bilərdi?
- Yəqin ki, daha çox xalımız olardı (gülür). Mən daha çox Bolqarıstanla oyundakı məğlubiyyətə üzülürəm. Norveçlə də Bakıdakı görüşdə ən azı heç-heçə edə bilərdik.

- Xorvatiyalı mütəxəssisin gəlişindən sonra nə dəyişib?
- Biz topla daha çox oynamağa, daha çox hücum etməyə başlamışıq, komandada özünəinam artıb. Futbolda da əsas bunlardır. azerisport.az


Digər xəbərlər

Xəbər xətti