Hələ 5 il əvvəl Əfran İsmayılov Rusiya “Lokomotiv”inə keçməyə çox yaxın idi. Bu transferin gerçəkləşməsi üçün artıq hər şey hazır idi. Əfranın “Qarabağ”ın heyətində Avroliqada sərgilədiyi oyunlar, “Visla” ilə Bakıdakı matçda ortaya qoyduğu performans onun qarşısında bütün qapıları açırdı. Ancaq “Neftçi” ilə çempionat görüşündə aldığı ağır zədə onu xeyli geri saldı. “Lokomotiv”ə transferi alınmadı, xeyli müddət yaşıl meydanlardan kənarda qaldı.
Onun karyerasında eniş sayılan daha bir məqam “Qarabağ”dan getməsi oldu. Son zamanlar Əfranın heyətə düşmədiyini, əvvəlki səviyyədə çıxış etmədiyini görən Qurban Qurbanov elə düşünürdü ki, bəlkə İsmayılov yeni kluba getsə, yeni həvəslə çıxış edər. O, “Bakı”nı seçdi və ilk vaxtlar hər şey Qurban Qurbanovun düşündüyü kimi oldu. Qolları sıralayan Əfran İsmayılov “Neftçi” ilə oyunda hətta mövsümün ən gözəl qollarından birinə imza atdı.
Sonradan yenə nə isə qaydasında getmədi, Əfran “Bakı”nı da tərk etdi. “Xəzər Lənkəran” karyerası ümumiyyətlə alınmadı. 6 aydan sonra “İnter”lə razılığa gəldi, ancaq Sxadadzenin yanında da əvvəlki Əfranı görə bilmədik. Əvvəlki Əfranı biz dünən gördük, Norveçlə oyunda. Milliyə gəldiyi gündən Əfranı gözaltı edən Robert Prosineçki ona böyük etimad göstərdi. Xorvat mütəxəssis İsmayılovu sol cinahda sınayırdı, lakin Norveçlə matçda onu doğma mövqeyində (sağ cinahda) meydana buraxdı. Və Əfran hamını təəccübləndirdi, bu dəfə yaxşı mənada. Birə-bir mübarizələrdə norveçli müdafiəçilərə başağrı olan Əfran irəli xətdə canlanma yaradırdı. Eyni zamanda ağıllı oyunu sayəsində onun cinahında yer alan Maksim Medvedyevə də kömək edirdi. Oyunun sonlarında futbolçularımız topu hara gəldi vurmaqla kifayətllənəndə də, Əfran İsmayılov driblinqi hesabına iki dəfə komandamızı hücuma çıxarmaqla bir daha səviyyəsini nümayiş etdirmiş oldu.
Təəssüf ki, heç kim zəmanət verə bilmir ki, Əfran sabah yenə eyni səviyyədə çıxış edəcək. Son illər İsmayılov çox qeyri-sabit çıxış edir. Onun problemi nədir? Kənardan baxanda adama elə gəlir ki, Əfran futboldan küsüb. Sanki daha oynamaq istəmir. Niyə? Bu suala Əfrandan daha yaxşı cavab verən tapılmaz. Onu yaxından tanıyanlar bilirlər ki, pis vərdişlərdən uzaq birisidir, sağlam həyat tərzi keçirir. Yaxşı səviyyədə çıxış etmək üçün hər cür bacarığı var. Amma...
Əfran İsmayılov özü də bu barədə ciddi düşünməlidir. O, istedaddır. Lakin futbolda yalnız istedad elə də çox deyil. Karyera isə qısadır. Bir də baxacaq ki, futbolu bitdi, istedadından isə lazımınca yararlanmadı!
Emin ABBASOV