Avropa Oyunlarında iştirak edəcək boksçularımızın rəqiblərinin adına aydınlıq gəlib.
SportArena.az xəbər verir ki, yarışın ilk iki günündə - iyunun 16-da və 17-də Azərbaycan idmançılarından heç kim rinqə çıxmayacaq.
İyunun 18-də iki boksçumuz mübarizəyə başlayır. 64 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşacaq.
Bu dəfə 81 kq çəki dərəcəsində çıxış edəcək Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov isə 1/16 finalda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşacaq.
49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə yarışa 1/4 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Brendan İrvin (İrlandiya) – Tinko Banabakov (Bolqarıstan) cütünün qalibi olacaq. Əlizadə apreldə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində məhz Banabakova uduzmuşdu.
Avropa çempionatının mükafatçısı Elvin Məmişzadə (52 kq) 1/8 finalda ya irlandiyalı Mayles Kasey ya da belaruslu İvan Fiqurenka ilə görüşəcək.
Tayfur Əliyev də (56 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq. Gənc boksçumuz Nikolae Andreiana (Rumıniya) – Dieqo Ferrer Pereyra (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Rio de Janeyro Olimpiadasına vəsiqə qazanan Albert Səlimov (60 kq) 1/8 finalda Artyom Ramlavs (Latviya) – Otar Eranosyan (Gürcüstan) qarşılaşmasının qalibi ilə döyüşəcək.
Pərviz Bağırov (69 kq) yarışa 1/8 final mərhələsindən qatılacaq. Milli komandamızın üzvü Anas Messaoudi (Belçika) – Vasili Belous (Moldova) görüşünün qalibi ilə qarşılaşacaq.
Xaybulla Musalov (75 kq) 1/8 finalda Kristia Mbilli Assomo-Hallier (Fransa) – Viktor Karapçevşii (Moldova) döyüşünün qalibi ilə üz-üzə gələcək.
Milli komandamızın yeni üzvlərindən Abdulqadir Abdullayev (91 kq) 1/8 finalda Adam Hamori (Macarıstan) – Erik Tlkanek (Slovakiya) görüşündə qalib gələn boksçunu sınağa çəkəcək.
Əsas medal ümidlərimizdin ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhməmədrəsul Məcidov 1/8 finalda mübarizəyə qoşulacaq. Komandamızın kapitanı Vladislav Sirenko (Ukrayna) – Mixail Baxtidze (Gürcüstan) görüşünün qalibi ilə qarşılaşacaq.
Qadın boksçularımızın rəqibləri:
51 kq. 1/8 final Anaxanım Ağayeva – Sandra Drabik (Polşa) 19 iyun
54 kq. 1/4 final Anna Əlimərdanova – Stanimira Petrova (Bolqarıstan) 23 iyun
60 kq. 1/8 final. Yana Alekseyeva – Mira Potkonen (Finlandiya) 21 iyun.
64 kq. 1/4 final. Yelena Vıstropova – Sandi Ryan (Böyük Britaniya) – Sindi Rogge (Almaniya) cütünün qalibi
75 kq. 1/8 final. Leyla Cavadova – Yaroslava Yakuşina (Rusiya) 19 iyun.