Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununu keçirib. İyunun 10-dan qonşu ölkədə hazırlıq keçən “qırmızı-qaralar” Ərzurumun U-21 komandası ilə qarşılaşıb. Komandamızın baş məşqçisi Roman Qriqorçuk milli üzvlərinin iştirak etmədiyi matçda yeni transferlərə və əvəzedici heyətin üzvlərinə də şans verib.
“Qəbələ” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Yusif Nəbiyev, Qismət Alıyev, Aleksey Qay, Samr Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Roman Hüseynov.
“Qəbələ” qarşılaşmaya erkən qolla başlayıb. Matçın 3-cü dəqiqəsində Qay fərqlənib. Meydan sahibləri 38-ci dəqiqədə Hasan Kadakın penalti zərbəsi ilə hesabda tarazlıq yaradıb. Qarşılaşmada hər 3 qapıçıya oyun praktikası qazanmaq imkanı yaradan mütəxəssis əvvəl Dmitri Bezotosnını Anar Nəzirola, 2-ci hissədə isə sonuncunun əvəzinə Andrey Popoviçi meydana buraxıb. Fasilədən sonra Murad Musayev Vitali Vernidubu, Emin Zamanov Yusif Nəbiyevi əvəzləyib. Oyunun ilk yarısında olduğu kimi ikinci hissədə də fəallıq nümayiş etdirən “qırmızı-qaralar” istəyinə 55-ci dəqiqədə çatıb. Matçın 55-ci dəqiqəsində fərqlənən Qay dublunu rəsmiləşdirib. Ukraynalı yarımmüdafiəçi penalti zərbəsini dəqiq yerinə yetirib. Bu qoldan sonra komandamız fərqi artırmağa çalışsa da, meydan sahiblərinin qapısına yol tapa bilməyib.
Beləliklə, “Qəbələ” 2015/16 mövsümünün hazırlığı çərçivəsində ilk oyununda 2:1 hesabı ilə qalib gəlib.