Deputatdan erməniyə uduzan güləşçimizi tənqid edənlərə sərt cavab

11:02 16 İyun 2015

"Belə bir axmaq müzakirəni dünyanın hansı ölkəsində gündəmə gətirsən, ağlı başında olan hər kəs gülüb keçər. Ümumiyyətlə, idmanda konkret şəraitdə daha güclü olan qalib gəlir və burada qəribə heç bir şey yoxdur. Ermənistan idmançılarına qarşı idman yarışlarında qələbə qazanmağa gəldikdə isə, bu hamımız üçün epizodik bir sevinc bəxş edir, vəssalam. Bununla nə Qarabağ qaytarılır, nə digər ərazilərdən erməni qoşunları çıxır, nə də ki, erməni xalqı sınaraq qarşımızda diz çökür".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa öz "facebook" hesabında Bakıda birinci Avropa Oyunlarında erməni idmançıya uduzmuş güləşçimiz Həsən Əliyevi tənqid edənlərə xitabən bildirib. 

 

F. Mustafa qeyd edib ki, ölkədə süni patriotik hava yaradılıb:

 

"Və idmançıları da bunun girovuna çeviriblər, anlamaq mümkün deyil. Erməniyə də, rusa da, almana da qalib gəlmək, qızıl medal qazanmaq əladır, idmançılarımız finalda uduzursa, başqa medallardan da məmnun qalırıq. 

Axı hər bir idmançının ayrı-ayrı oyunlarda həm də uduzmaq risqi var. Axı digər tərəf də idmançıdır, onların da gücü, ağlı, taktikası var. Düşüblər Həsən Əliyevin üzərinə ki, niyə erməniyə uduzmusan. Həsən Əliyevi yaxından tanımıram, adını da bu yarışdan ilk dəfədir ki, duyuram. 

Anladığım gerçəklik budur ki, o halda gərək hər bir azərbaycanlı küçədə digərini görəndə yaxınlaşıb üzünə sillə ilişdirməlidir ki, niyə Qarabağı uduzmusan? Bu binəva Həsən Əliyev bizim uduzduğumuzdan daha çoxmu şey uduzub?

Yenə onun imkanı var ki, hansısa yarışda revanş götürüb uduzduğunun əvəzini qaytarsın, biz hamımız bir millət olaraq uduzduğumuz Vətən torpağı qədər əvəzolunmaz bir dəyəri qaytarmağa nə qədər iradə sahibiyik ki, bir idmançımızın üzərinə yürüyüb linç etməklə məşğuluq? 

İdman yarışını yalançı vətənşivənlər ölüm-dirim savaşına çevirməklə, gələcəkdə az-çox perspektivi olan idmançılarımızı da mənəvi cəhətdən iflic edərək bu minvalla sıradan çıxarırlar. 

O zaman Teymur Rəcəbovu Bakıya buraxmayın ki, niyə filan vaxt Aroyana uduzmusan? "Neftçi"nin keçmiş oyunçularına salam verməyin ki, niyə filan vaxt "Ararat"a uduzmusan? İdman yarışlarına bu anormal baxışı dəyişməliyik. Mən əminəm ki, Həsən Əliyev bu səviyyəsiz qınaqlar qarşısında əsl türk xarakteri göstərərək sınmayacaq və elə böyük qələbələrə imza atacaq ki, onu aşağılayan bütün yalançı vətənşivənlər bu günki davranışlarına görə mütləq utanacaqlar".


Digər xəbərlər

Xəbər xətti