I Avropa Oyunlarında Azərbaycana kanoe növündə yeganə medalı qazandırmış Valentin Demyanenkonun müsahibəsi
- Əvvəlcə Avropa Oyunları üçün Mingəçevirdəki "Kür" Avarçəkmə və İdman Mərkəzində yaradılan şəraitlə bağlı fikirlərinizi bildirərdiniz...
- Bu gün hər şey çox yüksək səviyyədə idi. Hava şəraitindən tutmuş avarçəkmə kanalınadək. Ümid edirəm ki, gələcəkdə bu kanalda hələ çox nüfuzlu yarış keçiriləcək.
- Qızıl medal qazanmağınıza nə mane oldu?
- 200 metr sprinter məsafəsi sayılır. Burada mikrosaniyə də öz sözünü deyir. Qızıl medal üçün demək olar ki, santimetr çatmadı. Yürüşün qalibi olan Henrikas Juştautas istedadlı idmançıdır, cəmi 20 yaşı var. Ümid edirəm ki, gələcəkdə ona yenə rəqib olacağam.
- Çıxışınızdan razı qaldınız?
- Nə deyə bilərəm? Mən bu gün uduzdum. Əlbəttə, çıxışımdan narazıyam. Hamı həmişə, hər yerdə qələbəyə can atır. Bu gün alınmadı. Ümidvaram ki, zamanla hər şey yaxşı olacaq.
- Kayak və kanoe üzrə Azərbaycan yığmasına yeganə medalı siz qazanmısınız. Üstəlik, Avropa Oyunlarında kanoe növündə tarixə düşmüsünüz. Bunu nəzərə aldıqda, nəticəni normal hesab etmək olmazmı?
- Komandamız kifayət qədər güclüdür. Amma elə alındı ki, medalsız qaldılar. Tezliklə onların da ilk növbədə, ən azı mənim kimi nəticəyə imza atacaqlarına inanıram. İstərdim ki, hamısı qalib gəlsin, medal qazansın və nəticələrindən razı qalsınlar.
- Gənclər və idman naziri mükafatlandırmadan sonra sizinlə görüşdü. O, sizə nə dedi?
- Təbrik etdi. İrəlidə Rio de Janeyro Yay Olimpiya Oyunlarının olduğunu xatırlatdı.
Mənbə: Report.az