İradə Aşumova ilk dəfə oğlu ilə birgə yarışacaq

20:25 16 İyun 2015

Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova beynəlxalq yarışlarda tanınan simadır.

 

SportArena.az xəbər verir ki, Avropa Oyunlarının ən yaşlı iştirakçısı olan 57 yaşlı Aşumova Barselona (1998) və Lahti (2002) Dünya Çempionatlarının  gümüş mükafatçısı, 2004-cü il Afina Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.

Lakin Bakı 2015 İradə Aşumova üçün yeni təcrübədir. O, 3 növ üzrə yarışacaq: qadınlar arasında 10 metrdən hava tapançası ilə atəş, 25 metrdən tapança ilə atəş və qarışıq yarışda 10 metrdən hava tapançası ilə atəş. Qarışıq yarışda İradə Aşumova oğlu Ruslan Lunyev (AZE) ilə birlikdə Azərbaycan adına mübarizə aparacaq. Bu, onların birlikdə ilk yarışıdır.

"Buna görə ailəlikcə həyacanlıyıq. Ruslanın atası Vladimir Lunyev bizim məşqçimizdir. O, Ruslanın yaxşı formada olduğunu deyir və ona inanır".

Ruslan haqqında "bəxti gətirməyən" demək olar. Çünki əvvəlki yarışlarda o, cəmi 1 xalla məğlub olaraq medalsız qalıb.

"İlk dəfədir ki, anamla yarışacağıma görə narahatam. Gəm də ailəm mənim uğur qazanmamı istəyir. Buna görə məsuliyyət hiss edirəm", – deyə Ruslan Lunyev qeyd edib.

Kişilər arasında 10 metrdən hava tapançası ilə atəş yarışı üzrə Avropa reytinqində 25-ci yerdə olan Ruslan medal qazanmaq üçün əlindən gələni edəcəyinə söz verir.


Digər xəbərlər

Xəbər xətti