Bu gün Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.
Taekvondoçuların yarışının ilk günündə 1 bürünc medal qazanan Azərbaycan yığmasının daha iki üzvü tatami üzərinə çıxacaq. Kişilərin yarışında Ayxan Tağızadə, qadınların mübarizəsində isə Günay Ağakişiyeva qüvvəsini sınayacaq.
Taekvondo
Kişilər
68 kq
Təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. "Neftçi İdman Klubu"nun üzvü olimpiya çempionunu 7:5 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.
Qadınlar
57 kq
Mübarizəyə ilkin mərhələdən başlayan Ağakişiyevanın birinci rəqibi serbiyalı Draqana Qladoviç olub. Görüş Günay üçün məğlubiyyətlə başa çatıb. Daha təcrübəli Qladoviç 8:4 hesabı ilə qalib gəlib. Lakin o növbəti döyüşdə uduzduğundan Ağakişiyeva təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.
Qeyd edək ki, dünən Patimat Abakarova (48 kq) qadınların yarışında 3-cü yeri tutaraq, bürünc medal qazanıb. Məhəmməd Məmmədov (58 kq) isə kişilərin yarışında bürünc medal uğrunda döyüşdə məğlub olub.