"Xəzər Lənkəran"ın futbolçusu: "Rəqib nə güclü idi, nə də zəif"

13:22 18 İyun 2015

AVRO-2017-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması səfərdə Farer adalarını məğlub edib. 1:0 hesablı qələbə qazanan komandamızın cinah yarımmüdafiəçisi Elnur Cəfərov görüşdən sonra sualları cavablandırıb.

 

- Qarşılaşmanın belə çətin keçəcəyini gözləyirdinizmi?

- Əlbəttə. Bilirdik ki, Farer adaları xal qazanmaq üçün mübarizə aparacaq. Rəqibimiz nə güclü, nə də zəif komanda idi. Sadəcə, bizim üçün çətinlik yaradan məqamlardan biri oyunun səfərdə keçirilməsi idi.

 

- Rəqib hansı komponentlərdə çətinlik yaradırdı?

- Hava ötürmələrində güclü idilər. Çünki əksər oyunçuları ucaboylu idilər. Biz də bacardığımız qədər az cərimə edirdik, topun kornerə çıxmasına imkan vermirdik. Bu da oyuna təsir etdi. Rəqib üçün təhlükəli epizod yaratmağa imkan vermədik.

 

- Farer adalarının oyununu izləməmişdiniz. Rəqib sizi nədə təəccübləndirdi?

- Onlar bizi təəccübləndirəcək heç nə edə bilmədilər. Sadəcə, aressiv oynayırdılar. Bu da başa düşüləndi. Çünki öz meydanlarında oynayırdılar. Qırmızı vərəqəni də buna görə aldılar.

 

- Bu cür görüşün taleyini adətən bir qol həll edir. Gec fərqlənməyiniz sizdə necə, aqressivlik yaratmamışdı?

- Xeyr. Fasiləyə qədər rəqibə şans vermədik. Özümüzün fərqlənməyimiz üçünsə şansımız çox oldu. Hesab 1:0 yox, ən azı 3:0 olmalı idi. Qismət belə imiş.

 

- Havanın soyuq və yağıntılı olmağı necə, mənfi təsir etdimi?

- Biz təxminən 7 gün Danimarkada toplanış keçirdik. Hava şəraitinə orda öyrəşmişdik. Sadəcə, meydançanın örtüyü bərbad idi. Bu da oyunumuza müəyyən təsir etdi.

 

- Qrup mərhələsinə üç xalla start verdiniz. Davamını gətirmək mümkün olacaqmı?

- Komanda yoldaşlarımı təbrik edirəm. Vacib olan 3 xal qazanmaq idi. Hesabın 1:0 və ya 2:0 olmağının fərqi yoxdu. Həm də rəqibi kiçiltmək olmaz. Bu gün hamı mübarizə aparır, xal qazanmaq üçün “vuruşur”. Çətin qrupa düşmüşük. Uğurlu start götürdük. Avstriya, eləcə də Almaniya ilə oyunlarda da xal qazanmalıyıq. Rəqibin adı bizi qorxutmamalıdı. apasport


Digər xəbərlər

Xəbər xətti