Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.
SportArena.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin Olimpiya çempionları Rəfiqə Şabanova və Nazim Hüseynovun iştirak etdiyi görüşə yarışın VI günündə, yəni dünən fəxri kürsüyə qalxan idmançılar qatılıblar.
MOK rəsmisi qızıl mükafatçılar Ayxan Tağızadə (taekvondo, 68 kq), Toğrul Əsgərov (sərbəst güləş, 65 kq), Xetaq Qazyumov (97 kq) və bürünc medal qazanan Cəbrayıl Həsənovu (sərbəst güləş, 74 kq) mükafatlandırıb.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə dünənki nailiyyətlərdən məmnun qaldıqlarını bildirib: “Zəfər günləri”miz davam edir. Dünən də idmançılarımız üçün uğurlu oldu. Güləşçilərimiz 3 medal qazandılar ki, ikisinin əyarı qızıl idi. Bir taekvondoçumuz da qızıl medala sahib çıxdı. Artıq beş gündü burda “Zəfər günü” keçiririk və hər gün yeni idmançılarla görüşürük. İnanıram ki, zəfərlərimiz davam edəcək”
MOK-un vitse-prezidenti xarici qonaqların da Bakı-2015-dən ağızdolusu danışdıqlarını vurğulayıb: “Bakıya gələn xarici qonaqlar, federasiya rəsmiləri paytaxtımıza valeh olublar. Onlar Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini bildiriblər”.
Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atıblar və onlara hədiyyələr təqdim olunub.