Azərbaycanda böyük tarixi olan idman növlərindən biri də sambodur. I Avropa Oyunlarının proqramına salınan bu növdə ölkəmizi bir çox güclü idmançılar təmsil edəcək. Onların içərisində “Zirvə” Beynəlxalq İdman Klubunun üzvü – Fəridə Qurbanova da var.
1992-ci il noyabrın 17-də İsmayıllı şəhərində anadan olan qadın samboçumuz, ən kiçik yaşlarından idmana maraq göstərib. Tezliklə, uğurlarını sıralayan Fəridə, yenitemələr arasında Azərbaycan çempionu adını qazanıb. Ardınca dəfələrlə gənclər və böyüklər arasında da ölkəmizin ən yaxşısı olan Qurbanova beynəlxalq yarışlarda da Azərbaycanı layiqincə təmsil edib. 2012-ci ildə Belarusun paytaxtı Minskdə keçirilən Dünya Qran-Prisində, 78 kq çəki dərəcəsində ikinci yeri tutub.
Dəfələrlə Azərbaycan çempionu olan Fəridə bu ilin yanvarında Qazaxıstan keçirilən Dünya Kubokunda finala qədər irəliləyib. 64 kq çəki dərəcəsində yarımfinalda dünya çempionatlarının mükafatçısı olmuş rumın Natalya Budeanunu yenən Qurbanova, son görüşdə yalnız iki xal fərqi ilə uduzaraq gümüş medala sahib çıxıb.
Həm bu uğuru, həm də milli komandanın heyətində bir neçə sınaq görüşlərindəki qələbələri ona Bakıda keçirilən ilk Avropa Oyunlarında çıxış etmək imkanı qazandırıb.
İyunun 22-də, saat 10:00-da, Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Oyunlarının sambo üzrə yarışları start götürəcək. “İsmayıllı-Zirvə” İK-nun yetirməsi olan Fəridə Qurbanova 64 kq çəki dərəcəsində mübarizə aparacaq.