Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.
Mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın olimpiya çempionları Nazim Hüseynov və Lyudmila Şubina iştirak ediblər.
Görüşdə I Avropa Oyunları çərçivəsində kişilər arasında 80 kq-dan yuxarı çəki dərəcəsində keçirilən taekvando yarışında qızıl medal qazanan Azərbaycan taekvandoçusu Radik İsayevi təbrik ediblər.
Ç.Hüseynzadə qeyd edib ki, azərbaycanlı idmançılar Avropa Oyunlarında keçirilən yarışlarda artıq 30 medal qazanıblar: “Biz bunu gözləmirdik. Amma bu, bir daha təsdiq edir ki, Azərbaycanda idman necə inkişaf edir”.
Ç.Hüseynzadə Azərbaycanın bundan sonra da medallar qazanacağına inandığını söyləyib.
O, Avropa Oyunlarının möhtəşəm keçirildiyini də qeyd edib: “Oyunlara gələn bütün qonaqlar, idmançılar, nümayəndələr qeyd edirlər ki, Avropa Oyunları Azərbaycanda möhtəşəm keçirilir. Oyunlar böyük bayrama çevrilib. Biz buna ancaq sevinirik".
Tədbirdə qalib R.İsayevə xatirə hədiyyələri təqdim edilib.
Daha sonra o, nar ağacının qızıl, gümüş və bürünc medallarını tərənnüm edən simvolik bəhrələri üzərində imza atıb.