"Bakı-2015" : Samboçularımız 4 gümüş medala sahib oldu

22:26 22 İyun 2015

"Bakı-2015" Avropa Oyunlarında sambo yarışları keçirilir.Azərbaycan bu yarışda 8 idmançı ilə təmsil olunur.

Kişilər
 
57 kq

Yığmamızın üzvü İslam Qasımov 1/4 finalda rumıniyalı Orlando Qruia ilə qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn samboçumuz yarımfinala yüksəlib. O, bu mərhələdə gürcüstanlı Vaxtanqi Çidraşvili ilə qarşılaşıb. Bu görüşdə 3:1 hesabı ilə qalib gələn Qasımov finala adlayıb. Təmsilçimiz həlledici görüşdə rusiyalı Aymergen Atkunovla üz-üzə gəlib.
Samboçumuz finalda 0:4 hesabı ilə məğlub olub.

74 kq

Bu çəki dərəcəsində ölkəmizi Amil Qasımov təmsil edib. Azərbaycanın ən böyük qızıl medal ümidi olan Amil 1/4 finalda Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn samboçumuz yarımfinala yüksəlib. O, bu mərhələdə bolqarıstanlı Martin İvanovla qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən A.Qasımov finala vəsiqə qazanıb. İdmançımız həlledici görüşdə belaruslu Stepan Papovla qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
 

90 kq

Mübarizəyə 1/4 finaldan qoşulan Kənan Qasımov ilk görüşündə ukraynalı İvan Vasilçukla münasibətlərinə aydınlıq gətirib. Rəqibindən 2:0 hesabı ilə üstün olan Qasımov yarımfinala adlayıb. O, finala gedən yolda Rusiya təmsilçisi Alsim Çernosqulovla üz-üzə gəlib və rəqibinə 0:4 hesabı ilə uduzub. O, bürünc medal uğrunda görüşdə Davit Karbelaşvili ilə yarışıb. Bu görüşdə  D.Karbelaşvili təmiz qələnə qazanıb.
 

+100 kq

Ən ağır çəki dərəcəsində ölkəmizi təmsil edən Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə qüvvəsini sınayıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn samboçumuz yarımfinala yüksəlib. Təmsilçimiz bu mərhələdə ukraynalı Razmik Tonoyanla qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Səfərbəyov finala adını yazdırıb. Samboçumuz həlledici görüşdə Artyom Osipenko (Rusiya) ilə münasibətlərinə aydınlıq gətirib. İdmançımız 0:8 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Qadınlar
 
52 kq

Qadın samboçularımızdan Nəzakət Xəlilova 1/4 finalda rumıniyalı Kodrina İonesku ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 3:1 hesabı ilə məğlub edən N.Xəlilova yarımfinala yüksəlib. Qadın samboçumuz finala gedən yolda litvalı Ruta Aksionova ilə görüşüb. Rəqibindən üstün olan (4:0) samboçumuz finala adlayıb. O, həlledici görüşdə rusiyalı Anna Karitonova ilə qarşılaşıb və 0:5 hesabı ilə uduzub.


60 kq

Yığmamızın üzvü Şəhanə Hüseynova mübarizəyə 1/4 finaldan start verib. O, ilk görüşündə Yana Kostenko (Rusiya) ilə qarşılaşıb və rəqibinə 0:4 hesabı ilə uduzub. Lakin Rusiya idmançısı finala qədər irəlilədiyi üçün Ş.Hüseynova təsəlliverici yarışlara qatılıb. Gürcüstanlı Şoreno Şaradzeyə 2:0 hesabı ilə qalib gələn samboçumuz bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb. O, üçüncü yer uğrunda mübarizədə belaruslu Katsiarina Prakapenka ilə yarışıb və 0:4 hesabı ilə məğlub olub.

64 kq

1/8 finaldan azad olan Fəridə Qurbanova 1/4 finalda moldovalı Yekaterina Sretu üz-üzə gəlib. İdmançımız rəqibinə 0:4 hesabı ilə uduzub. 


68 kq

Bu çəkidə ölkəmizi Nərminə Əlizadə təmsil edib. O, 1/4 finalda Belarus təmsilçisi Volya Nazamava ilə münasibətlərinə aydınlıq gətirib. N.Əlizadə ilk görüşündə rəqibinə 0:4 hesabı ilə uduzub. Lakin Əlizadənin rəqibi finala qədər irəlilədiyi üçün samboçumuz bürünc medal uğrunda mübarizəsini davam etdirəcək. O, üçüncü yer urğunda yarışda fransalı Selin Konde ilə üz-üzə gəlib.  Bu görüşdə məğlub olan samboçumuz yarışı mükafatsız başa vurub.


Digər xəbərlər

Xəbər xətti