"Qızıl medal qazanıb Azərbaycan bayrağını qaldırmaq istəyirəm"

16:12 24 İyun 2015

"Bundan sonra yarımfinala köklənəcəyəm. İstəyirəm ki, qızıl medal qazanım, Azərbaycanın bayrağını qaldırım, ailəmi, tanışlarımı sevindirim. Minimum tapşırıq dünya çempionatına lisenziya əldə etmək idi ki, bu da təmin edildi. Artıq minimum tapşırıq yerinə yetirilib, bürünc medal qazanılıb, amma əsas məqsədim qızıl medaldır".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri bu gün Avropa Oyunlarında boks yarışlarında orta çəkidə (75 kq) yarımfinala vəsiqə qazanmış boksçumuz Xaybula Musalov deyib.

 

O bildirib ki, 1/4 finalda Belorus idmançısı ilə döyüşü onun üçün yaxşı keçib: “Rəqib çox təcrübəli idi. Döyüş üçün plan ilk raundda üstün olmaq, daha sonra isə gücə qənaət etmək idi. Gücü elə bölüşdürmüşdüm ki, sonadək çatsın. Bunun üçün yaxşı toplanış etmişdik. Buna görə məşqçimiz Pedro Roka təşəkkür edirəm. Qələbəyə görə Allahıma minnətdaram”.

X.Musalov qeyd edib ki, indiyədək Avropa Oyunlarında keçirdiyi hər iki döyüşü çətin alınıb: “Hər iki rəqibim təcrübəli və peşəkar boksçulardır. Hər ikisi öz ölkəsinin “1 nömrə”sidirlər. Fransa və Belorusda zəif “1 nömrələr” olmur. Xüsusən də, doğma azarkeşlər önündə pis çıxış etmək istəmirdim. Mən daha çox aqressiv, gözoxşayan boks nümayiş etdirməyi sevirəm”.

Boksçumuz qazandığı qələbəsində azarkeşlərin də müəyyən pay sahibi olduğunu deyib: “Tamaşaçıların, azarkeşlərin dəstəyi çox yaxşı idi. Afərin! Müəyyən qədər onların da döyüşdə təsiri olur, amma mən adətən rinqə sadəcə qələbə üçün çıxıram”.

 

Qeyd edək ki, X.Musalev 1/4 final görüşündə Belarus idmançısını, 1/8 finalda isə Fransa təmsilçisini yarışdan kənarlaşdırıb. (Trend)


Digər xəbərlər

Xəbər xətti