Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq final oyununa vəsiqə qazanıb.
Sportarena.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qrupun son oyununda yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.
Oyunda hesab açılmayıb – 0:0. Hər iki yığmanın xalları, vurulan və buraxılan topların sayı eyni olduğu üçün qrup liderliyini turnirin Əsasnaməsinə uyğun olaraq "fair-pley" qaydalarına daha çox riayət edən komanda təmin edib. Gürcüstan komandası ilə müqayisədə daha az sayda vərəqə ilə cəzalandırılan yığmamız iyunun 26-da, Bakı vaxtı ilə saat 18:00-da, “Astana Arena”da İspaniya yığmasına qarşı keçiriləcək final oyununda mübarizə aparmaq hüququ qazanıb.
Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda Belarus komandasını 3:1, Rusiya-2 yığmasını isə 1:0 hesabı ilə məğlub edib.