"Final görüşündə irəlidəydim. Son dəqiqələrdə özüm də bilmədim, nə çatışmadı. Yarımfinalda aldığım zədə də vardı, amma bu mənim üçün bəhanə deyil. İnşallah, bunu məşqçilərimlə müzakirə edib səbəblərini taparıq".
Sportarena.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün Bakı-2015 birinci Avropa Oyunlarının cüdo yarışlarında gümüş medal qazanmış Orxan Səfərov deyib.
Avropa Oyunlarının gümüş mükafatçısı qızıl medalın bir addımlığında büdrəməsini belə şərh etdi:
“O biri görüşlərə baxanda final görüşüm normal gedirdi. Sidolara görə hələ irəlidə idim. Sadəcə axırıncı dəqiqədə boşaldım. Zədədən sonra əzildim. Həm də hiss elədim ki, üçüncü cərimə xalını ala bilərəm. Ona görə də risk etdim, amma özüm əks-fəndə düşdüm”.
O.Səfərovun sözlərinə görə, o, Avropa Oyunlarında qarşılaşdığı rəqiblərinin hamısı ilə bundan əvvəl görüşüb və hamısını da məğlub edə bilib:
“Finalda qarşılaşdığım Beslan Mudranovla isə iki dəfə qarşılaşmışdım. Hesabımız 1:1 idi, indi 2:1 onun xeyrinə oldu”.
Cüdoçumuz sonra təltifetmə zamanı iki medal almasını isə belə izah edib:
“Avropa Oyunlarındakı cüdo yarışları həm Rio olimpiadasına lisenziya xalı verir, həm də Avropa çempionatı hesab edilir. Ona görə də digər idman növlərindən fərqli olaraq bizə iki medal verildi”.
Qeyd edək ki, Azərbaycanı 60 kq-dək çəki dərəcəsindəki təmsil edən O.Səfərov yalnız finalda Rusiya idmançısı B.Mudranova məğlub olaraq Avropa Oyunlarının gümüş medalını qazanıb.