"Xəzər-Lənkəran"ın yeni transferi :"Komandamız əvvəlki kimi ən yüksək hədəflər üçün mübarizə aparacaq" - MÜSAHİBƏ

02:12 26 İyun 2015

“Xəzər Lənkəran”  klubunun yeni transferi Vaqif Cavadovun müsahibəsi

 

- “Xəzər Lənkəran”a keçidin necə alındı?

- Hər şey birdən-birə oldu. “Xəzər Lənkəran”a keçidim haqda söz-söhbətlər gəzirdi, ancaq mənim xəbərim yox idi. Sonradan məni bura dəvət etdilər. Klubdan bir az vaxt istədim. Türkiyədən ayrılmağım barədə bir qədər fikirləşdim. Sonda “Xəzər Lənkəran”la razılığa gəldim. 

- Digər klublarımızdan təklif almışdın?

- Açığı maraqlananlar olsa da, real təklif olmamışdı. “Xəzər Lənkəran” isə məni komandada görmək istədi. Rəhbərlik qərarında israrlı idi. Ona görə də Türkiyədən gəldim və bir illik müqavilə imzaladım. 

- Türkiyədə qalmaq imkanın var idi?

- “Boluspor”la bir illik müqaviləm var idi. Klubdan qalmağımı istəyirdilər. Ancaq maliyyə cəhətdən bir qədər çətinliklər oldu. Əgər öz vətənində bir neçə ay maaş almasan, birtəhər dolanmaq olar. Çünki burda yaxınlar, dostlar var. Ancaq başqa ölkədə maaş almadan yaşamaq çətindir. Ayrılmağımın səbəbi təkcə maliyyə ilə bağlı deyildi. Vətənə dönməyimin əsas səbəbi ailə məsələsi ilə bağlıdır. 

- Türkiyə klublarında maliyyə böhranı nə dərəcədədir? 

- Türkiyədə bu problemlər həmişə olub, indi də var. Maaş gecikmələri orda daima olub. Əslində orada futbol oynamaq üçün yaxşı şərait var. Ancaq 4-5 ay maaş almayanda digər ölkələrdən gedən futbolçular üçün çətin olur.  

- Yeni klubundan bu mövsüm nə gözləmək olar?

- “Xəzər Lənkəran” böyük bir camiədir. Bu klub  hər zaman iddialı olub. Bəli, son dövrlər bir  qədər yaxşı nəticələr qazan bilmədilər. Ötən mövsüm klub strayegiyasını bir qədər dəyişdi. Bunun da səbəbi komandanın titulsuz qalmağı idi. İnanıram ki, yeni mövsümdən komandamız əvvəlki kimi ən yüksək hədəflər üçün mübarizə aparacaq. “Xəzər Lənkəran”ın etdiyi son transfer komandanın nə dərəcədə iddialı olacağından xəbər verir. 

- Növbəti mövsüm çempionluq uğrunda “Qarabağ”, “Qəbələ” və “Xəzər Lənkəran”ın mübarizə aparacağını demək olar?

- Böyük ehtimalla belə olacaq. “Simurq, “İnter” və “Bakı” kimi klubların çətin vəziyyətə düşməsi çempionatda rəqabəti xeyli azaldacaq. Çox təəssüflənirəm ki,  klublarımız belə vəziyyətə düşdü. Qeyd etdiyimiz klubların sahibləri böyük iş adamlarıdır. Onlar futbola böyük qayğı göstərirdilər, futbolu sevən insanlar idi. İndi həmin klublara ən azı onlar kimi iş adamları dəstək olmalıdır. Çempionatımızın səviyyəsini qaldırmalıyıq. İnanıram ki, yeni mövsümdə maraqlı oyunların sayı çox olacaq.

- “Xəzər Lənkəran”a gəlişin yenidən milli komandaya yolunu açacaqmı?

- Milli komandaya dəvət olunmağı çox istəyirəm. Ancaq Azərbaycana sırf milli komandada oynamaq üçün gəlməmişəm. Hansı klubda çıxış etməyindən asılı olmayaraq meydana tez-tez çıxırsansa, milli komandaya da dəvət alırsan. Mən inanmıram ki, “Xəzər Lənkəran”da yaxşı çıxış edəcəyim halda Prosineçki məni milliyə dəvət etməsin. Hər şey özümdən asılıdır. Mövsümə yaxşı başlasam, milli ilə bağlı problem olmayacaq.

- Milli komandamız “Avro-2016”nın seçmə mərhələsində Norveçlə səfər oyunundan xalla dönməyi bacardı. Robert Prosineçkinin formalaşdırdığı komanda haqda nə deyə bilərsən?

- Həmişə millimizdəki komanda yoldaşlarım Proseineçkidən razılıq edirdi. Malta ilə oyun ərəfəsində özüm də bunun şahidi oldum. Berti Foqtsu da pisləmək olmaz. O da bizə nələrisə öyrədib. Ancaq indi millimiz fərqli bir oyun sərgiləyir. Bu oyunumuz daha xoş təsir bağışlayır. İnanıram ki, bundan sonra daha yaxşı nəticələr qazana bilərik. (qol.az)


Digər xəbərlər

Xəbər xətti