Bakıda keçirilən ilk Avropa Oyunları başa çatmaq üzrədir. Bu böyük idman bayramında da öz imzası olan “Zirvə” Beynəlxalq İdman Klubunun növbəti nümayəndəsi tatami üzərinə çıxır. İyunun 22-də mübarizə qoşulan samboçumuz Fəridə Qurbanovadan sonra estafeti cüdoçu Günel Həsənli alır.
30 oktyabr 1996-cı ildə İsmayıllı rayonu Diyallı kəndində anadan olan Günel kiçik yaşlarından idmana həvəsli olub. Məşqçisi Əkbər Şəfəqətovun rəhbərliyi altında bu günə qədər bütün yaş qrupları üzrə Azərbaycan çempionu olan cüdoçumuz üçün Avropa Oyunları böyük bir təcrübədir.
Günel iyunun 27-də, saat 12:42-də tatami üzərinə çıxacaq. 19 yaşlı idmançımızın rəqibi italiyalı Assunta Qaleonedir. 29 yaşlı cüdoçu çox güclüdür və dünya reytinqində ön sırada olanlardandır. Həsənli onu məğlub edəcəyi halda növbəti mərhələdə fransız Odri Tçumeo olacaq.