"Xəzər Lənkəran"ın yeni transferi : "Son söz Yunis Hüseynovun olacaq" - MÜSAHİBƏ

14:30 26 İyun 2015

"Xəzər Lənkəran"ın yeni transferi Ruslan Abışovun müsahibəsi

 

- Sizinlə "Neftçi"nin də maraqlandığı bildirilirdi. Niyə məhz "Xəzər Lənkəran"ı seçdiniz?
- "Neftçi" barədə heç nə danışmaq istəmirəm. Artıq hər şey geridə qalıb. "Xəzər Lənkəran"ın yeni mövsüm üçün iddiaları mənim daha çox ürəyimcə oldu. Mənim üçün maliyyə məsələsi, komandanın çempionluq iddiasının olması önəmlidir. Həm də yenidən Yunis Hüseynovun rəhbərliyi altında oynamaq istədim. Bir sözlə, yeni klubumda hər şey mənim ürəyimcədir.

- Maliyyə baxımından cənub klubunda daha çox qazanacaqsınız?
- Xeyr. "Qəbələ"də daha çox alırdım. Amma indiki məqamda bu, elə də önəmli deyil.

- "Xəzər Lənkəran"ın çempionluq iddiasında olduğunu dediniz. Bu fikir ciddidir?
- Mən həmişə demişəm ki, yerli oyunçulardan çox şey asılıdır. "Qəbələ"də də elə idi. Ən çətin məqamlarda məhz yerli futbolçular məsuliyyəti öz üzərlərinə götürürlər. "Xəzər Lənkəran"da yaxşı yerli futbolçular cəmləşib. Legionerlərlə birgə növbəti mövsümdə yüksək yerlər uğrunda mübarizə apara bilərik. Yaxşı şərtlər altında güclü baş məşqçi ilə, yerli azarkeşlərin dəstəyi sayəsində buna nail olmağımız mümkündür. Əminəm ki, yerli fanatlar da bizdən uğur gözləyəcəklər. Onlar öz komandalarını necə dəstəkləmək lazım olduğunu da gözəl bilirlər.

- "Xəzər Lənkəran"da mərkəz müdafiəçisi kimi oynayacaqsınız, ya dayaq yarımmüdafiəçisi kimi?
- Buna baş məşqçi qərar verəcək. Mənə görə müdafiənin mərkəzində oynamaq daha yaxşıdır. Həmin mövqedə oynayanda komandaya daha çox fayda verdiyimi düşünürəm. Amma son söz Yunis Hüseynovun olacaq.

- "Qəbələ" ilə uğurlu mövsüm keçirdiniz, komandadan gedəcəyiniz də inandırıcı görünmürdü. Nə baş verdi ki, bu ayrılıq gerçəkləşdi?
- Komandanı tərk etmək çətin oldu. Çünki komanda yoldaşlarımla birgə Avropa Liqasına vəsiqə qazanmaq üçün böyük güc sərf etdik. Amma yeni müqavilənin şərtləri məni qane etmədi. Ona görə də Qəbələni tərk etdim.

- Xoşunuza gəlməyən nə oldu?
- Danışıqların detallarını açıqlamaq istəmirəm. "Qəbələ"də əla mövsüm keçirdim. Klub rəhbərliyi, azarkeşlər mənə hörmətlə yanaşdılar. Fürsətdən istifadə edib, o insanların hər birinə Avropa Liqasında uğurlar arzulayıram.

- Bu komandanın Avroliqanın birinci təsnifat mərhələsində Tiflis "Dinamo"sunu keçəcəyinə inanırsınız?
- Fikrimcə, onlar bu komandanı keçəcək gücdədirlər və buna nail olacaqlar. "Qəbələ"nin artıq öz oyun üslubu var. Yeni transferləri də kifayət qədər keyfiyyətlidir. Onların komandaya faydalı olacağına şübhə yoxdur. Mənim proqnozumu bilmək istəyirsinizsə, "Qəbələ" "Dinamo"nu keçəcək.
azerisport.az


Digər xəbərlər

Xəbər xətti