“Kəpəz”in baş məşqçisi Şahin Diniyev seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində keçirilən iki yoxlama oyunu haqda klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, təcrübəli məşqçi Qəbələnin həvəskarlardan ibarət eyniadlı komandası ilə 1:1 hesablı heç-heçəni və “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbəni belə şərh edib:
“Əvvəlcə seleksiya toplanışının ilk günündən futbolçuların üzərində əməyi olan köməkçilərimə minnətdaram.Tovuz təmsilçisi ilə görüşdə onların işi göründü. Birinci matça nisbətən ikinci qarşılaşma daha maraqlı oldu. Çətin olsa da, komandanın hər iki oyuna gücü çatdı. İki günə eyni sayda oyun keçirmək ağırdır. Birinci seleksiya işimiz artıq yekunlaşdı. Gəncədən bir neçə futbolçu seçmişik, onların adını və sayını hələlik açıqlamaq istəmirəm. Bəyəndiklərimiz iyulun 1-dən Bakıda toplanışda bizə qoşulacaqlar”.
Şahin Diniyev bütün çətinliklərə baxmayaraq məqsədlərinin komandaya gəncəli futbolçu qazandırmaq olduğunu açıqlayıb. O, bu yolda yorulmadan çalışacaqlarını bildirib: “Çatışmazlıqlar var, çox işləyib bunu aradan qaldırmalıyıq. Gəncəli oyunçuların inkişafına fikir verməliyik. Çalışacağıq ki, bir müddətdən sonra yerli uşaqlar komandanın əsas heyətində oynaya bilsinlər. Gəncə futbolunun potensialı var. İşləyə-işləyə gəncləri ayağa qaldırmalıyıq. Bu yolda məşqçilər, futbolçular və klub rəhbərliyi birgə fəaliyyət göstərməlidir”.
Baş məşqçi “Qəbələ” ilə oyundan sonra azarkeşlərlə görüşü haqda da danışıb: “Fanatlarla görüşəndə həm sevindim, həm də bir az kədərləndim. Nostalji hisslər yaşadım. 10 il bundan öncə Gəncəni xoş duyğularla tərk etmişdim. Yenidən həmin azarkeşləri görəndə şad oldum. “Kəpəz” azarkeşləri tam fərqlidir. Onlar futbolu yaxşı başa düşəndirlər. Bu fanatları aldatmaq mümkün deyil. Ümid edirəm ki, belə görüşlərimiz bundan sonra qələbə əhval-ruhiyyəsində olacaq”.