"Neftçi" istənilən halda haqsızdı" - AÇIQLAMA

14:16 1 İyul 2015

“Azərbaycandansız? Dayanın, sizin mənimlə nə üçün əlaqə yaratdığınızı təxmin edim. Yəqin ki, "Neftçi" ilə aramızda yaranmış problemin nədən ibarət olduğunu öyrənmək istəyirsiniz”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Belçika millisinin sabiq futbolçusu Emil Mpenza deyib.

 

2010-cu ilin yayında “Neftçi”yə transfer olunan və il yarımdan sonra komanda tapması üçün heyətdən kənarlaşdırılan futbolçu “ağ-qaralar”la arasındakı problem haqqında geniş danışmaq istəmədiyini bildirib.

 

“Bilirsiz, mənim Azərbaycanda yaxşı günlərim keçib. Gözəl, işıqlı paytaxtınız var. Ancaq təəssüf ki, eyni sözləri "Neftçi" barədə deyə bilməyəcəm. Qısa olaraq onu deyim ki, klub mənə qarşı düzgün hərəkət etmədi. Bu səbəbdən də öz haqqımı hüquq müstəvisində axtarmalı oldum” – deyə, Mpenza bildirib.

 

FİFA-nın qəbul etdiyi qərarı xatırlayan belçikalı legioner vurğulayıb ki, bu işlə vəkili məşğuldu: “Yəqin ki, məsələdən artıq xəbərdarsız. Bu işlə vəkilim məşğul olur. Dostum, hazırda istirahətə çəkilmişəm. Yaxşıca əylənirik. Buna görə də, "Neftçi" barədə danışıb, kefimi korlamaq istəmirəm. Yaxşısı budu, FİFA-ya zəng edin. Mənim vəkilim də suallarınızı cavablandıra bilər. Dediyim kimi, bu barədə danışmaq istəmirəm. Səbəbini sizə dedim. Xahiş edirəm üzrlü hesab edin. Amma onu da deməliyəm ki, "Neftçi" istənilən halda haqsızdı. Sizin klubun haqsız olduğu ali futbol qurumunun çıxardığı qərarda da öz əksini tapıb. Əlavə nə şərhə ehtiyac var ki?”

 

Xatırladaq ki, “Neftçi” rəhbərliyi Mpenzanın komandanın düşərgəsini özbaşına tərk etməsini iddia edirdi. Bu səbəbdən FİFA-ya şikayət edən paytaxt təmsilçisi məsələnin həll olunacağına ümid bəsləsə də, belçikalı da əks-iddia ilə ali futbol qurumuna üz tutmuşdu.

 

3 ilə yaxın davam edən araşdırmalardan sonra Mpenzanı haqlı çıxaran FİFA bakılıların futbolçuya olan borcunu ödəməsi haqda qərar çıxarıb. Buna əsasən, “Neftçi”  80000 ABŞ dolları məbləğində qalıq əmək haqqını, həmçinin 687500 ABŞ dolları məbləğində təzminatı  və bunların 5% illik ödənişini həyata keçirməlidi.


Digər xəbərlər

Xəbər xətti