"İnanıram ki, hər 3 klubumuz bu gün qələbə qazanacaq" - AÇIQLAMA

13:47 2 İyul 2015

 "İnanıram ki, hər 3 klubumuz bu gün qələbə qazanacaq və bizi sevindirəcək".

Sportarena.az xəbər verir ki,bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

"Neftçi", "İnter" və "Qəbələ" klublarının bu gün keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsindəki ilk oyunları barədə danışan V.Sadıqov hər 3 komandanın qələbəsinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, maddi çətinlik yaşayan Bakı "İnter"i Albaniyada "Laçi"ni məğlub etməlidir:

 "Çətinlik olmasına baxmayaraq, "İnter" bizi sevindirməlidir. Çünki bu vəziyyətdə belə Albaniyanın 5-ci komandasından güclü olmalıyıq. Yeni bir komandayla oyun olacaq. Amma hər bir oyunçu başa düşməlidir ki, bu Avroliqa oyunudur və məsuliyyəti dərk etməlidir".

"Qəbələ"nin Tiflis "Dinamo"su ilə keçirəcəyi görüş haqda danışan komitə sədri əyalət təmsilçisindən də qələbə gözlədiyini söyləyib. O bildirib ki, "Qəbələ" səfərdə oynamasına baxmayaraq, yaxşı heyətə malikdir: "Qəbələ" də ilk oyununda qələbə qazanmalıdır. İnanıram ki, növbəti turdakı rəqib indikindən heç də güclü olmayacaq".

Monteneqro "Mladost"unu qəbul edəcək "Neftçi"dən danışan V.Sadıqov gənc baş məşqçi və yeni heyət olmasına baxmayaraq, paytaxt təmsilçisinin çıxışına ümidlə yanaşıb: "Samir Əliyev gənc mütəxəssisdir. Amma xeyli vaxtdır ki, məşqçiliklə məşğuldur. Futbolçular gənc olsalar da, görünür "Neftçi"yə layiq olduqlarını sübut ediblər ki, indi əsas heyətdə yer alıblar. İndi də Avroliqada bunu sübut etməyə çalışacaqlar. Bu həyatın yazılmayan qanunudur və gənc məşqçi, gənc heyət amilinə fikir vermək lazım deyil". (report)


Digər xəbərlər

Xəbər xətti