"Xəzər-Lənkəran"ın müdafiəçisi : "Bizə təcrübəli legionerlər lazımdır" - MÜSAHİBƏ

15:49 6 İyul 2015

"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun müsahibəsi

 

- Məşqlər necə gedir?
- Bir neçə gün Bakıda hazırlaşdıq. Məşqlər yüngül keçirdi. İndi isə Türkiyədə məşq edirik. Yüklənmələr artır. Yeni mövsümə hazırlaşırıq.

- Sizcə, komanda Yunis Hüseynovun rəhbərliyi altında yeni mövsümdə uğur qazana biləcək?
- Yunis Hüseynov Azərbaycan futbolunu yaxşı tanıyır. Hesab edirəm ki, növbəti mövsümdə bizdə hər şey yaxşı alınacaq.

- Komandaya yeni gələn futbolçular barədə nə deyə bilərsiniz?
- Onların hamısını tanıyıram. Hamısıyla da yaxşı münasibətim var. Yaxşı futbolçulardılar. Allah eləsin ki, birgə uğur qazana bilək.

- "Xəzər Lənkəran" çempionluğa köklənib?
- Bəli, qızıl medallar uğrunda mübarizə aparacağıq.

- Vüqar Nadirovla Vaqif Cavadov komandanın hücum xəttini gücləndirməy dəvət olunub. Amma onlar son mövsümdə elə də çox meydana çıxmırdılar. Sizcə, onlar komandanıza faydalı olacaqlar?
- Niyə də yox? Nadirovla Cavadov Azərbaycanın ən güclü hücumçularındadırlar. Hər ikisi yığma komandamızda da oynayır. Onlar komandanın hücum xəttini gücləndirəcəklər. Heyətə legionerlər də cəlb olunacaq. Bizə təcrübəli legionerlər lazımdır.

- Son mövsümdə hücum xəttiniz Alfred Sanko və Ağabala Ramazanovdan ibarət olsa da, onlar gedib. Bu, sizi məyus etmədi?
- Ağabala mənim yaxın dostum idi, yaxşı futbolçudur. Onun qalmasını istəyərdim. Amma başqa cür alındı. Ona uğurlar arzulayıram.

- Mətbuatda çoxlu klubdan təklif aldığınız bildirilsə də, sonda "Xəzər Lənkəran"da qaldınız...
- Klub rəhbərliyi ilə, Yunis Hüseynovla söhbətimiz oldu. Onlar mənim qalmağımı istədilər. Ona görə də qaldım. Komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm. (azerisport)


Digər xəbərlər

Xəbər xətti