"Qəbələ" klubu yeni futbolçu transferinə hazırlaşır.
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Klub rəsmisi həmin futbolçunun kimliyini açıqlamasa da, yaxın 2-3 gün ərzində məsələyə aydınlıq gələcəyini bildirib: "Hücumameyilli oyunçu ilə danışıqlar aparırıq. Onu deyə bilərəm ki, yerli futbolçu deyil".
Nəcəfov Gürcüstanın "Dinamo" (Tiflis) komandası ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünə hazırlıqların qaydasında getdiyini bildirib. O, oyunla bağlı təhlükəsizlik məsələlərinə də aydınlıq gətirib. Vitse-prezident Gürcüstanda keçirilmiş ilk görüşdə yerli azarkeşlərin davranışının qarşılığında Qəbələdə analoji hadisənin baş verməməsi üçün tədbirlərin görüləcəyini deyib. O, azarkeşlərin sosial şəbəkələrdəki müzakirələrinə münasibət bildirmək istəməyib: "Klub rəsmisi olaraq deyə bilərəm ki, Qəbələ şəhər stadionunda təhlükəsizlik yüksək səviyyədə olacaq".
Qeyd edək ki, iyulun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 21.00-da start götürəcək.