“Simurq”dan ayrılan polşalı qapıçı Pavel Kapsa hazırda “Xəzər Lənkəran”la birlikdə Türkiyədədi. “Ağ-yaşıllar”ın təlim-məşq toplanışına baxışa qatılan 33 yaşlı qolkiper apasport.az saytına müsahibə verib.
- Bir neçə gündü “Xəzər Lənkəran”ın düşərgəsindəsiz. Komanda ilə müqavilə bağlayıb-bağlamayacağınız bəllidimi?
- Hələ yox. Amma ümid edirəm ki, yaxın günlərdə bu məsələ həll olunacaq. “Xəzər Lənkəran”ın heyətində məşqlərimi davam etdirirəm. Çalışıram ki, məşqçilər korpusunun etimadını qazanım.
- “Xəzər Lənkəran”dakı taleyiniz baş məşqçi Yunis Hüseynovun qərarından asılı olacaq. Onun barədə fikriniz necədi?
- Yunis Hüseynovun rəhbərliyi altında cəmi bir neçə gündü məşq edirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, daha çox topla oyuna üstünlük verir. Məşqlərdə də məhz bunun üzərində çalışırıq.
- Necə düşünürsüz, “Xəzər Lənkəran” yeni mövsümdə çempionluq uğrunda mübarizə apara bilərmi?
- “Xəzər Lənkəran”ın növbəti mövsümdə çempionluq üçün yaxşı şansı olacaq. Çünki heyət güclənib. Komandada potensiallı və təcrübəli oyunçular toplaşıb. Bu onu deməyə əsas verir ki, “Xəzər Lənkəran” yeni mövsümdə iddialı olacaq. Məncə, komanda çempionluq uğrunda sona qədər mübarizəsini davam etdirə biləcək.
- Sabiq komandanız “Simurq”un isə gələcək aqibəti hələ də qaranlıq olaraq qalmaqdadı. Təsadüfi deyil ki, digər klublardan fərqli, “Simurq” məşqlərə də başlamayıb...
- Hər şey maddi durumdan asılıdı. Ümid edirəm ki, “Simurq” rəhbərliyi yeni sponsor tapacaq və təzə komanda quracaq. Zaqatala azarkeşləri futbolu sevirlər. Üstəlik, orda çoxlu cavan uşaqlar həm futbol oynayırlar, həm də idmanın bu növü ilə yaxından maraqlanırlar. “Simurq”un yaşaması Azərbaycan futbolu və ölkə çempionatının xeyrinə olar.
- Avropa Liqasında çıxış edən komandalarımızdan nə gözləyirsiz?
- “Neftçi” və “İnter” növbəti mərhələyə keçməyə borcludular. Çünki hər ikisi rəqibindən güclüdü. Bu səbəbdən həm “Neftçi”nin, həm də “İnter”in mübarizəni davam etdirəcəyini düşünürəm. “Qəbələ”nin isə işi çətin olacaq. Çünki “Dinamo” yaxşı komandadı. Şansları bərabər sayıram. “Qəbələ” doğma meydan amili və səfərdə vurduğu qolun verdiyi üstünlükdən yararlanmalıdı. Azarkeşləri maraqlı oyun gözləyir. “Qəbələ” “Dinamo”ya qalib gəlmək üçün əlindən gələni edəcək.