Ramin Musayev : "Azərbaycan futbolçularına ildə 150 min manatdan çox pul vermək olmaz" - MÜSAHİBƏ

18:38 9 İyul 2015

Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev atv.az-ın suallarını cavablandırıb.

 

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:

 

- Adətən, məmurlar bütün hərəkətlərini, davranışlarını  müəyyən bir cərçivəyə uyğun etməyə çalışırlar, hansısa yazılmamış qanunlara uyğun geyinirlər və davranırlar. Siz bir az sərbəst və fərqli insan olduğunuz üçün, belə həyat tərzi sizə çətin deyilmi?

- İnsanlıq standartdarına uyğun hərəkət etmək çətin deyil. Mən hər zaman çalışıram ki, insanların yadında yaxşı insan kimi qalam. Axı biz ölüb gedəndə özümüzlə nə aparacağıq? Nə tikdiyin evi, nə yığdığın pulu, nə qazandığın medalları. Bizə qalan “rəhmət” olacaq. Və ona görə insanlıq kodeksinə riayət etməyə çalışıram,  bütün azərbaycanlılar kimi qonaqpərvər olmağa çalışıram.

- Lakin təəssüf ki, biz qonaqpərvər olsaq da, qarşılığında heç də hər zaman bunu görmürük. Götürək elə  Tiflisdə keçirilən və müxtəlif qalmaqallarla yadda qalan “Dinamo”- “Qəbələ” oyununu.

- Bilirsiniz ki, mən Gürcüstanda anadan olmuşan, 16 yaşımadək orada yaşamışam, bu günədək o ölkəyə gediş-gəlişim var. Lakin mən onlardan özümüzə qarşı indiyədək heç bir vaxt, heç bir ərazi iddiası ilə çıxış edən görməmişəm. Əksinə, biz hər zamam haqlı olaraq onlara qarşı ərazi iddiası ilə çıxış edirik. Ona görə də hesab edirəm ki, Tiflisdə bunu edən adamlar öyrədilmiş adamlardır.

- Amma fakt olaraq qalır ki, artıq ikinci dəfədir onlar eyni şuarla fütbol oyunu zamanı çıxış ediblər. AFFA rəsmi olaraq UEFA-ya şikayət edəcəkmi?

- Əgər hətta Gürcüstanın baş naziri belə bu məsələylə bağlı çıxış edib, bizdən üzr istədisə və bunu hansısa bir qrup şəxslərin təxribatı kimi qiymətləndirdisə, hesab edirəm ki, heç bir şikayətə ehtiyac yoxdur.Belə şeylərə fikir versək, bu insanlara daha da güc vermiş kimi oluruq. Düşünürəm, bizim UEFA-ya şıkayətimiz zəifliyin göstəricisi olar. Onsuz da həmin şəxslər tapılıb, cəzasını alacaqlar.

- Bəs həddindən artıq yüksək məvaçib alan futbolçularımızı zəif oyunlara görə cazalandırıb maaş limiti tətbiq etmək olar?

- Artıq olar və bu tətbiq olunur da. Indi AFFA-nın qərarına əsasən 21 yaşınadək oyunçuların maaşına limit qoyulur və bu limit açıqlandı da. Yoxsa indi elə bir vəziyyət yaranıb ki, futbolçularımızın əksəriyyəti xarıcdə oynamaq istəmir, çünki kifayət qədər maaş alır və bu maaşı Azərbaycandan kənarda çətin ki, alsın. Birdə ki, digər idman növlərində idmançılarımıza kimsə daxildən örnək olur. Misal üçün, güləşçilərmizin gözü qabağında gözəl nümünələr var- Namiq Abdullayev, Fərid Mansurov, karateçilərimiz Rafael Ağayevə bənzəmək istəyir. Bəs gənc futbolçularımız üçün örnək kim ola bilər? Hansı futbolçumuz böyük uğurlara imza atıb. ya da heç olmasa Avropanın hansısa güclü bir klubunda çıxış edir? Bu da bir həqiqətdir ki, nə qədər bizim futbolçularımız ölkədən kənara çıxa bilməyəcəklər, bir o qədər bizim futbolumuz inkişaf edə bilməyəcək. Bu faktor məşqçilərimizdə də özünü göstərir. Siz elə bilirsiniz ki, Qurban Qurbanov legioner həyatı yaşamasaydı, o belə gözəl məşqçi ola bilərdi? O da Azərbaycandan kənarda oynayıb, xarıci məşqçilər görüb, onlardan nəyisə götürüb, püxtələşib.  İndi futbolçularımızın qonorarları yüksək olduğuna görə, legionerlərə limit qaldığına görə, bizim futbolçularda arxayınçılıq yaranır və onlar inkişaf etmir. Mən bir neçə futbolçu adı çəkə bilərəm ki, yüksək  maaş onların inkişafına və karyerasına son qoyub, onlar iki-üç il belə pullar alandan sonra futbolçu kimi məhv olub, futboldan uzaqlaşıblar.

- Sizcə bizim futboılçuların maksimal əmək haqqı nə qədər olmalıdı? Sizin əlinizdə olsaydı, onlara hansı limiti qoyardınız?

- Düşünürəm ki, Azərbaycan futbolçularına ildə 150 min manatdan çox pul vermək olmaz. Hal hazırda onların heç biri bu puldan artıq oyun sərgiləmir.

 


Digər xəbərlər

Xəbər xətti