Keçən gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri baş tutub.
Sportarena.az xəbər verir ki, "İnter" doğma meydanda Albaniya təmsilçisi "Laçi" ilə qolsuz bərabərə qalsa da, ilk oyunun nəticəsinə (1:1) əsasən növbəti mərhələyə adlayıb.
"İnter Arena"da oyundan sonra jurnalistlərin suallarını cavablandıran Bakı klubunun oyunçusu Nizami Hacıyev bunları söyləyib:
- 1-ci təsnifat mərhələsi həmişə çətin keçir. İlk rəsmi matçımıza çıxmışdıq. Əlbətdə, istər maliyyə planında, istərsə də, oyun baxımından çətinliklərimiz olub. Amma “İnter”də çalışan hər kəsə təşəkkür edirəm, xadimələrdən tutmuş klub prezidentinə kimi. Əllərindən gələn hər şeyi etdilər. Düşünürəm ki, bizim mərhələ adlamağımız bütün Azərbaycan xalqının sevincidi. Buna görə də xalqımızı təbrik edirəm.
- Oyunun gedişində bir neçə real şansdan yararlana bilmədiniz...
- Bəli bir neçə fürsət yaxaladıq, qol da buraxa bilərdik. Amma futbol xoşbətçiliyi bizim tərəfimizdə oldu.
- Sanki, sənin də oyunun alınmırdı...
- Ola bilər, ancaq çalışaram ki, növbəti matçlarda özümü yaxşı tərəfdən göstərim.
- Oyun başa çatandan sonra klub prezidenti Geogri Nikolov komandaya nə dedi?
- Bu gün çox acınacaqlı bir durumdayıq. Komandanın prezidenti bizə öz təşəkkürünü bildirdi, göz yaşlarını gizlədə bilmədi. Bu, həm onun üçün, həm də Azərbaycan xalqı üçün çox sevindirci bir haldı. Maddi tərəfdən heç bir köməklik olmadan meydana çıxıb, ölkəmizi təmsil edirik. Bu da bizim borcumuzdu. Meydançaya çıxıb, pul almamağmızı göstərmək mənasızdı. Ona görə də bizim borcumuz oynamaqdı və bunu da etdik.
- Heyət yenidi və növbəti məhələdə daha ciddi rəqiblə qarşılaşacaqsınız. Komandanı həmin görüşə hazır saymaq olar?
- Artıq növbəti mərhələdən komandaya qoşulacaq bəzi yerli və legioner futbolçularmız var. Mən inanıram ki, həmin oyunçular da bizə kömək edəcək və toparlanıb, bu xaosdan çıxıb, vətən üçün, torpaq üçün oynayacağıq.
- Əksər futbolçular “İnter”i tərk etdi. Lakin sən komandadan ayrılmadın. Başqa komandalardan təklif almamışdın, ya necə?
- AZAL və “Kəpəz”dən təkliflər olmuşdu. Ailəmlə və dostlarımla müzakirə edib, “İnter”də qalmağa üstünlük verdim. Bu klubun şərəfini qorumaq mənim üçün daha önəmlidi.
- Maaşlarnız verilirmi? Ümumiyyətlə, futbolçulara pul verilirmi?
- Cüzi miqdarda da olsa pul almışıq. Bugünkü oyunda mən və məni kimi 7-8 futbolçu pulu fikirləşmədən meydana çıxmışdıq. Pul sonranın işidi. Artıq biz nəticəmizi əldə etmişik və bundan sonra klub prezidenti ilə oturub, maddi problemləri müzakirə edəcəyik. Lakin meydançaya çıxanda bu kimi şeylər unudulur və biz Azərbaycan, ailəmiz və dostlarımız üçün əlimizdən gələni edirik.
- Yəqin ki, mərhələ keçməyiniz maaşlarnızın verilməsinə müəyyən qədər təsir edəcək.
- Əlbətdə, bir az pul almışıq. Klub rəhbərliyi sağ olsun. Oyundan öncə də futbolçuları həvəsləndirmək üçün pul verilib.