Müşahidə Şurası "Neftçi”yə nə verdi? Xaos və uğursuzluq!

20:46 11 İyul 2015

"Muğan” premyer-liqada çıxış edəndə Salyan təmsilçisinin ev oyunlarına tez-tez ezam olunurdum. Ona görə də yaxşı yadımda qalıb, "Muğan”ın rəqiblərini qəbul etdiyi Salyan Olimpiya Kompleksinin stadionu 2 min tamaşaçı tuturdu. Podqoritsadakı qarşılaşmasını şərh edən "İdman Azərbaycan” telekanalının əməkdaşı "Mladost”un öz stadionuna cəmi 1500 azarkeşin yerləşdiyini bizə ara-sıra xatırladırdı. 

 

Əlavə şərhə ehtiyac varmı? "Neftçi”nin Avroliqanın təsnifat mərhələsində kimə məğlub olduğunu dərk etmək üçün nə qarşılaşmanın ayrı-ayrı epizodlarını analiz etməyə ehtiyac var, nə də "Mladost”un tarixini araşdırıb, reytinq sıralamasında neçənci sıranı tutduğuna baxmağa. "Ağ-qalar” ilk gündən bu cütün favoriti sayılırdı. Komandaların gücünü qiymətləndirən mərc şirkətlərinin mütəxəssisləri xəbərsiz olsalar da, biz bilirdik ki, bu "Neftçi” 3 il bundan əvvəl Avroliqanın qrup mərhələsinə yüksələn komandayla müqayisə oluna bilməzdi. Yaxşı xatırlayıram, Bakıdakı oyundan bir gün əvvəl keçirilən mətbuat konfransı zamanı jurnalistlərin önünə çıxan Samir Əliyevin ilk cümləsi "komandanın əsas heyətindən 10 futbolçu ayrılıb, ona görə də bizə çətin olacaq” idi. Bununla da gənc çalışdırıcı "məğlub olacağıqsa, günahı məndə və yetirmələrimdə görməyin” demək istəyirdi. İki oyunun nəticəsinə görə məğlub tərəf "Neftçi” sayılır. Mən də ədalət hissini itirmədiyimə görə Samir bəyin çağırışına səs verməyə məcburam. Sözün əsl mənasında günahkar nə Əliyevdi, nə də onun futbolçuları. Onların bacardıqları bu qədərdi. Hətta, gənc çalışdırıcı və onun yetirmələri məhz səfər oyununda boylarından yuxarı tullandıqlarını əminliklə deyə bilərəm. "Neftçi” "Bakcell Arena”da rəqibinə belə cəsarətli və sürətli oyun təklif edə bilsəydi... 

 

"Neftçi”ni elə günə salıblar ki, adam hərdən nəyi qoyub, nəyi axtardığını unudanların gününə düşür. Bir ölkənin 80 yaşını tamamlamağa hazırlaşan "xalq komandası” nəyə görə heç də pis çıxış etmədiyi mövsümün sonuna doğru dağıdıcı islahatlara məruz qaldı, klubun idarəetmə strukturu dəyişdirildi? Səbəb sadədi. Adında "neft” sözü olan bu komandanın ətrafında yaxşı pullar dövr edir. Azərbaycan futbolunda fırlanan hər qəpiyin sahibinə çevrilmək istəyən, hamını öz əmrlərinə müntəzir görməyi arzulayan intelligent dəstəsi əllərini klub futboluna uzadan gündən hər yeri xarabaya çevirdilər. Pis-yaxşı çempionatımız var idi, klublarımız da avrokuboklarda yeni-yeni ciddi uğurlar qazanmağa başlamışdılar. Müşahidə Şurası "Neftçi”yə nə verdi? Xaos və uğursuzluq!

 

Apreldə özünü uzaq yola vuraraq Lənkərana gələn Çingiz Abdullayevin Monteneqroda komandasını başsız qoyması ciddi məqamdı. "Neftçi”nin mətbəxindən gələn həyəcanlı xəbərlər bir-birini əvəz edir. Elnur Məmmədovu özləriylə hesablaşdıra bilmədiklərini görən şura üzvləri hansı oyuna düşdüklərini fərqinə indi-indi varırlar. Bağçada incidilən uşaqlar hər kəsi "anama deyəcəm” şantajıyla "hədələdikləri” kimi, Elxan Məmmədovun "cəsur kəşfiyyatçısı” ağsaqqal-cavan demədən şuradakıların hamsını baş katibin adıyla qorxudur. Nəticədə ortaya indi gördüyümüz mənzərə çıxır. Özünüzü "Neftçi” gəncləşdirildi” yalanına çox da qapdırmayın, dostlar. Gəncləşdirilən komandada mütləq "milliləşdirilmiş” futbolçular çıxış etməlidi? Maksim Vaylo, Məhəmməd Qurbanov və Ruslan Qurbanov hansı keyfiyyətlərinə görə "gəncləşdirilən "Neftçi”nin üzvlərinə çevriliblər? Nə üçün Müşahidə Şurası xeyli əvvəldən yaradılan "Sumqayıt”da Kamran Quliyev prezident postunu əldən verməyib, amma "Neftçi” apreldən bəri "başsız atlı”ya çevrilib?

 

 Bəzi dostlarımız "Qəbələ”ni yerli gənclərdən qurulmuş heyətlə çətinə salan "Dinamo”ni misal göstərir, "bizdə də bu əjdahadan olmalıdı” deyirlər. Əzizlərim, axı bu "Dinamo” 3 ay içində gürcü gənclərə qucaq açmayıb. Gürcüstan futbolu bütün başqa sahələr kimi ağıllı və vətənsevər idarəçilərin əlindədi, buna görə də bizi qabaqlayır. Gürcü klublarının avrokuboklarda uzağa gedə bilməməsini xatırlatmağa da tələsməyin. Elə həmin "Dinamo” Kuboklar Kubokunu qazananda, müstəqillik dönəmində qrup mərhələsinə yüksələndə biz onlara həsədlə baxırdıq. Bakıda çalışan gürcü çalışdırıcılara, top dığırladıb pul qazanan gürcülərə baxın, bircə həmvətənimizin adını çəkin ki, eyni uğura Gürcüstanda imza ata bilib. Ağıllı idarəçilər "Neftçi”ni avrokuboklar öncəsi gəncləşdirmək qərarına gəldilərsə, cəza və zədə səbəbindən meydana çıxa bilməyən legionerləri niyə komandada saxladılar? Onlarla müqaviləni pozub, daha faydalı əcnəbi tapmaq ingilis və rus dillərində yaxşı danışanlar üçün niyə çətin oldu? Kimlərsə məqsədli şəkildə "Neftçi”ni zəiflədib, xarabalığa çevrilmiş səltənət üzərində özlərinə xoşbəxtlik qururlar. Biz isə əlimiz-qolumuz yanımızda, "vay-vay, Nicatın zərbəsi dirəyə dəyməsəydi, turu keçmişdik” deyirik. Guya bu turu keçsəydik bütün problemlərimiz həll olunacaqdı? "Bu heyət 1 aya yığılıb, görərsiz, sonrası yaxşı olacaq” deməklə özümüzü aldadırıq. 78 yaşlı klubu gözümüzün önündə biraylıq körpəyə çevriblər.

 

Mənbə: "Futbol+" qəzeti


Digər xəbərlər

Xəbər xətti