Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun "Rudar" klubu ilə qarşılaşacaq "Qarabağ" daha bir transfer etməyə hazırlaşır.
Sportarena.az Sportnet.az-a istinadən xəbər verir ki, Ağdam klubu hazırda bir hücumçu ilə danışıqlar aparır.
Söhbət hollandiyalı Raydell Pupondan gedir. Mərkəz və sağ cinah hücumçusu kimi oynamağı bacaran Puponun keçidi artıq 90 faizə bərabərdir. "Qarabağ"la Puponun keçidində vasitəçi isə "İnter"ə Ruben Sxakeni gətirmiş hollandiyalı menecerdir. Baxmayaraq ki, Puponu Macarıstan və İsveçrə klubları da istəyir, "Qarabağ"ın bu transferi "Rudar"la oyuna 1 gün qalmış başa vuracağı və adını UEFA-ya göndərəcəyi gözlənilir.
"Ayaks"ın yetirməsi olan Pupon avqustun 28-də 28 yaşını qeyd edəcək. O, ölkəsində "Ayaks"dan başqa, "Villem II", Rotterdam "Sparta"sı, "De Qrafsxap", "ADO Den Haaq" və "NAK Breda" klublarının şərəfini qoruyub. Raydell ötən mövsüm Fransa Liqa-2 təmsilçisi "Valansyen"də ilk dəfə legioner həyatı yaşayıb. O, ötən mövsüm 35 oyunda 7 qol vurub.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Fransadan Alharbi Əl-Jadeyauini transfer edib. O, Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubundan "Qarabağ"a keçib. Onu da bildirək ki, "Qarabağ"ın sifariş ərizəsində yeganə hücumçu Namiq Ələsgərovdur.