"Xəzər Lənkəran"la uğur qazanmaq istəyirəm" - MÜSAHİBƏ

23:01 12 İyul 2015

"Xəzər Lənkəran"ın polşalı qapıçısı Pavel Kapsanın müsahibəsi

 

- Sizi yeni klubunuza keçmək münasibətilə təbrik etmək olar?
- Bəli. İlk günlərdən "Xəzər Lənkəran"ın Türkiyə toplanışındayam. Artıq klubla bir illik müqavilə imzalamışam və buna görə çox şadam. İnanıram ki, bu transfer həm mənim, həm də klubum üçün uğurlu olacaq. Bircə hədəfim var - yeni klubumun uğur qazanması üçün əlimdən gələni etmək. "Xəzər Lənkəran"la uğur qazanmaq istəyirəm.

- Ötən gün Türkiyənin "Niğdespor" klubu üzərində qələbə qazandınız (1:0).
- Bu, yoxlama oyunu idi. Amma istənilən halda qələbə qazanmaq istəyirdik. Baş məşqçi bütün futbolçuları yoxlamağa çalışdı, çoxlu əvəzetməyə əl atdı. Prinsipcə, yoxlama oyunları da bundan ötrü lazım gəlir. Qələbə ilə başlamaq xoşdur. Çünki bu, öz gücümüzə əminliyi daha da artırır.

- Komandanın əsas qapıçısı olacağınızı demək olar?
- Bir nömrə olub-olmayacağımı bilmirəm. Çünki buna mən qərar vermirəm. Bu sualı baş məşqçiyə ünvanlamağınız lazımdır. Amma əsas qapıçı olmaq üçün əlimdən gələni edəcəyəm.

- Hər halda ötən mövsüm əsas qapıçı olmuş Vyekoslav Tomiç yoxdur və güman ki, sizi ona əvəzləyici kimi gətiriblər...
- Bəli, Tomiç yoxdur. Amma bir qapıçı kimi özümü sübut etməyim lazımdır.

- Komandanın qarşısına növbəti mövsümdə qızıl dubla imza atmaq vəzifəsi qoyulub...
- "Xəzər Lənkəran" əsl peşəkar klubdur. Ölkənin ən böyük komandalarından biridir. Klubun qarşısına yüksək hədəflər qoyması da tam normaldır.

- Başqa klublardan da təkliflər var idi?
- Bəli. Amma ad açıqlamayacağam. Bunu özümdə sirr olaraq saxlayım.

- "Xəzər Lənkəran"a uyğunlaşmaq çətin olmayacaq?
- Bununla bağlı problem olacağını düşünmürəm. İki il Azərbaycanda oynamışam. Yeni klubumun heyətində yer alan futbolçuların 80 faizini tanıyıram.

- Baş məşqçi Yunis Hüseynovla söhbətiniz olub?
- Bəli. Amma bunu böyük söhbət adlandırmaq olmaz. Bir şeyi bilirəm ki, özümü yaxşı tərəfdən göstərmək üçün çox çalışmağım lazımdır. (azerisport)


Digər xəbərlər

Xəbər xətti